Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
# 26 fevral 2014 13:29 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı avstriyalı Peter Zayzenbaherin gedişindən sonra başsız qalan və yarışlara qatılmayan Azərbaycan millisi üçün heç də uğurlu alınmayıb.

Belə ki, yığmamızın heyətində Tural Səfquliyev (81 kq), Rüstəm Orucov (81 kq), Elmar Qasımov (100 kq) Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) geriləyənlər sırasındadır. Onlar müvafiq olaraq, 41-ci, 71-ci, 9-cu, 21-ci və 68-ci yerə eniblər.

Digər cüdoçularımıza gəlincə, İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq) və Elxan Məmmədov (100 kq) mövqelərini qoruyublar. Bu idmançılar yenə müvafiq olaraq, 12-ci, 18-ci, 8-ci və 1-cidirlər.

Tərlan Kərimov (66 kq) 8 pillə irəliləməklə 56-cı, Şahin Qəhrəmanov (90 kq) isə bir rəqibini arxada qoymaqla 7-ci yerə yüksəlib.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR