Pərviz Həşimlinin məhkəməsi davam etdirilib

Pərviz Həşimlinin məhkəməsi davam etdirilib
# 04 mart 2014 14:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası davam etdirilib.


Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Təvəkkül Qurbanovun vəkili Anar Rüstəmov çıxış edərək bildirib ki, cinayət işinin materialları ilə tanış deyil. O, hakimdən xahiş edib ki, T. Qurbanovla məsləhətləşmək üçün şərait yaradılsın. Vəkil bildirib ki, əgər müdafiə etdiyi şəxs onun işlə tanış olmadan prosesin davam etdirilməsinə etiraz etməsə, proses davam edə bilər. Hakimlər onun xahişini nəzərə alaraq prosesdə fasilə elan ediblər. Fasilədən sonra vəkil A. Rüstəmov bildirib ki, T. Qurbanovla məsləhətləşib və iclas davam edə bilər.

İclasda Pərviz Həşimlinin vəkilləri onun saxlanma yerinin, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər veriblər. Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Proses martın 7-də davam etdiriləcək.

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR