Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu davam edir

Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu davam edir
# 24 iyun 2014 09:49 (UTC +04:00)

Qəbələ. Aqşin Rafiqoğlu APA-Economics. Bu gün Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işini davam etdirib.

APA-Economics”in məlumatına görə, forumun ikinci günü kənd təsərrüfatı, turizm, bank işi, sahibkarlıq sahəsində əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçirilib.

Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının nümayəndələri ilə yanaşı, bir sıra turizm şirkətlərinin nümayəndələrinin iştirak etdiyi turizm sahəsində yeni əməkdaşlıq imkanları üzrə dəyirmi masada hər iki ölkənin turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, bu sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Kənd təsərrüfatı üzrə keçirilən dəyirmi masada hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə, ixracın genişləndirilməsinə, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb, şirkətlər tərəfindən müxtəlif təqdimatlar keçirilib. Dəyirmi masada müvafiq dövlət orqanlarının, aqrar sahədə ixtisaslaşmış şirkətlərin, institut və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycan tərəfindən Mərkəzi Bankın və bir sıra kommersiya banklarının, Sahibkarlığa Kömək Milli Fondunun, Rusiya tərəfindən isə müxtəlif bankların nümayəndələrinin qatıldığı bankçılıq üzrə dəyirmi masada Azərbaycan və Rusiya bankları arasında əməkdaşlığın inkişaf tarixi, əldə olunan nailiyyətlər, birgə həyata keçirilmiş layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbirdə həmçinin, hər iki ölkənin bankları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına və işgüzar əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Sahibkarlıq sahəsində əməkdaşlığa dair dəyirmi masada hər iki ölkənin dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının çıxışları dinlənilib, AZPROMO tərəfindən Azərbaycanda biznes və investisiya imkanlarına dair məlumat verilib, Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının funksiya və xidmətlər sistemi haqqında videoçarx nümayiş olunmuş, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Günün ikinci yarısında isə Azərbaycan və Rusiya arasında bir sıra sənədlərin imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR