Bakının “Neftçi” klubu antirekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi tarixində ilk dəfə Azərbaycan kubokunda mövsümü qol vurmadan bitirib.
Buna 1/4 finalın “Sumqayıt”la qarşılaşmaları səbəb olub. Evdə 0:1 hesabı ilə uduzan “ağ-qaralar” səfərdə qolsuz heç-heçə edib.
Ölkə kubokunun daimi iştirakçısı olan yeganə klub 28 mövsümün hamısında 1/4 finalda oynayıb və əvvəlki turnirlərin hərəsində ən azı bir qol vurub. “Neftçi”nin indiyəqədərki antirekordu ötən mövsümə təsadüf olmuşdu. Həmin vaxt da “Sumqayıt”la görüşən Roberto Bordinin komandası cəmi 1 qola sevinmişdi – 0:2, 1:0.
Əslində, paytaxt klubunun son iki ildə antirekordları yeniləyə-yeniləyə getməsi həm komandanın dişsizliyi deyil, həm də yarışdakı iştirakçıların azlığı ilə bağlıdır. Çünki hər iki halda bakılılar yarışa 1/4 finaldan başlayıblar. Hər dəfə 2 matça çıxan komanda əvvəl 1 qol vurubsa, bu dəfə onu da bacarmayıb.
“Neftçi” indiki kimi, əvvəllər də iki dəfə 1/4 finalda qol vurmadan mübarizəni dayandırıb. 2004/05 və 2008/09 mövsümlərində belə hal yaşanıb. Amma həmin illərdə əvvəlki mərhələlər olduğundan bakılılar 1/4 finala qədər qol hesablarını açıblar. Həmin illərdə də yarışa bu raunddan qoşulacağı halda isə indi antirekord deyil, onun təkrarını gerçəkləşərdi.
Qeyd edək ki, “Neftçi”nin kubokda bir mövsümə vurduğu qol sayında rekord 27-yə bərabərdir. Paytaxt klubu 1994/95 mövsümündə 9 oyunda 27 dəfə rəqib qapısına yol tapıb.