Bank Of Baku

Azərbaycan milli komandasının ən dəyərli qələbəsi – ARAŞDIRMA

Azərbaycan milli komandasının ən dəyərli qələbəsi – <font color=red>ARAŞDIRMA</font>
# 15 oktyabr 2010 10:41 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Azərbaycan milli komandası tarixinin yeni rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 12-də Türkiyə ilə görüşdə 1:0 qalib gələn Berti Foqtsun yetirmələri komandamız üçün fantastik olan nailiyyətə imza atıblar.

Bu qələbə ölkəmizin FİFA reytinqi üçün indiyədək qazanmadığımız qədər xal gətirib. Söhbət ayrı-ayrı oyunlara əsasən verilən xallardan gedir. Belə ki, FİFA reytinqi açıqlanarkən yığmanın son 4 ildə keçirdiyi bütün görüşlərin əmsalları ayrı-ayrılıqda hesablanır və sonradan cəmlənərək orta rəqəm çıxarılır. Bu zaman qarşılaşmaların nə vaxt keçirilməsi də nəzərə alınır. Lakin bu, çoxları üçün qaranlıq olan, uzun-uzadı hesablamaları kənara qoyub, ayrı-ayrı matçların gətirdiyi xallara diqqət yetirək.

Yığmamızın Türkiyə ilə görüş üçün topladığı xalı müəyyənləşdirmək üçün 5 rəqəmin hasilini hesablamaq lazımdır. Rəqibin gücü, hansı qitəni təmsil etməsi, oyunun nəticəsi, matçın hansı xarakter daşıması və 100-ə bərabər əmsalı bir-birinə vurduqda, komandamızın 1342 xal yığdığının şahidi oluruq. Bu, millimizin seçmə mərhələdə Avropa təmsilçisi olan, reytinqin 21-ci komandası üzərindəki qələbə sayəsində mümkün olub. Belə dəyəli qələbə isə futbol tariximizdə olmayıb. Buna əmin olmaq üçün yığmamızın əvvəlki uğurlarına nəzər salaq.

Bəri başdan qeyd edək ki, bir oyuna görə maksimum 2400 xal qazanmaq olar. Bu, o halda mümkündür ki, dünya reytinqinin 1-ci komandasını mundialın final mərhələsində məğlub edəsən. Final mərhələlərinə həsrət qalan yığmamız üçün isə bu mümkünsüzdür.

Yoldaşlıq oyunlarında isə həmin – FİFA reytinqinin 1-ci komandasını məğlub etmək 600 xal gətirə bilər. Komandamız bir dəfə bunu qazanmağa cəhd edib. Lakin ötən ilin iyununda İspaniya ilə görüşdəki 600 xal arzusu qapımızda gördüyümüz 6 qolla puç olub – 0:6. Yoldaşlıq oyunlarında bundan artığının mümkün olmadığını nəzərə alsaq, Çexiya və daha zəiflərlə qələbələrin böyük dəyər kəsb etmədiyini izah etməyə ehtiyac yoxdur. Məsələn, çexlər üzərindəki qələbənin dəyəri cəmi 555 xal olub.

Bir sözlə, final mərhələlərində oynamayan, yoldaşlıq oyunlarının dəyərsiz olduğunu bilən Azərbaycan yığmasının əsas reytinq ümidləri seçmə oyunları ilə bağlıdır. Əslində, buradakı heç-heçənin dəyəri də aşağıdır. Əgər qrupumuzda yer alan Almaniya yığması bizimlə oyunadək FİFA reytinqində 1-ci yerə çıxsa və biz onlarla heç-heçə etsək, bu, vur-tut 500 xal gətirəcək. Düzdü, buna da bərəkət. Lakin yığmamızın rekordu baxımından bu aşağı nəticədir.

Məsələn, Rusiya ilə ötən ilki böyük əks-səda doğuran heç-heçəmiz 485, Portuqaliya ilə 11 il əvvəlki məşhur bərabərlik isə 478 xalla qiymətləndirilmişdi. Deməli rekordlar üçün yalnız və yalnız 1 variant var: seçmə mərhələdə qələbə qazanmaq.

Dediyimiz şərtlərlə, yəni Almaniyanın 1-ci olacağı halda, onları məğlub etsək bu reytinqimizə 1500 xalla töhfə verəcək. Lakin bu, hələ nisyə söhbətdir. İndiyə qədər seçmə mərhələlərdə qazandığımız bütün qələbələrin gətirdiyi xallara nəzər salaq.

Azərbaycan milli komandasının rəsmi oyunlarda qazandığı qələbələr

31 avqust 1996-cı il 

DÇ-98-nin seçmə mərhələ oyun 

Bakı. Azərbaycan – İsveçrə - 1:0

1268 

5 iyun 1999-cu il 

 

Avro-2000-nin seçmə mərhələ oyunu 

Bakı. Azərbaycan – Lixtenşteyn – 4:0 

495 

6 iyun 2001-ci il

DÇ-2002-nin seçmə mərhələ oyunu 

Bakı. Azərbaycan – Slovakiya – 2:0 

1313 

11 iyun 2003-cü il

Avro-2004-nin seçmə mərhələ oyunu 

Azərbaycan – Serbiya və Çernoqoriya – 2:1 

1335 

28 mart 2007-ci il

Avro-2008-nin seçmə mərhələ oyunu 

Bakı. Azərbaycan – Finlandiya – 1:0 

1253 

10 oktyabr 2009-cu il 

DÇ-2010-nun seçmə mərhələ oyunu 

Vaduts. Lixtenşteyn – Azərbaycan – 0:2 

375 

12 oktyabr 2010-cu il 

Avro-2012-nin seçmə mərhələ oyunu

Bakı. Azərbaycan – Türkiyə - 1:0 

1343 



Göründüyü kimi, Türkiyə ilə oyunadək millimiz üçün ən dəyərli qələbə Serbiya və Çernoqoriya üzərində 7 il əvvəlki zəfər idi. Elə Slovakiya ilə görüş də çox böyük qiymətdə olub. Yalnız Lixtenşteyn üzərində qələbələr mənasız təsiri bağışlayır. Belə ki, güclü rəqiblərlə seçmə mərhələdəki heç-heçələr və ya yoldaşlıq oyunundakı qələbələr “cırtdan”ı udmaqdan yaxşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR