Bank Of Baku

“Qəbələ” 10 futbolçu ilə yollarını ayırıb

“Qəbələ” 10 futbolçu ilə yollarını ayırıb
# 20 may 2011 10:53 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Premyer Liqasında mövsümü 7-ci yerdə bitirən “Qəbələ” klubu heyətlə bağlı böyük islahatlara başlayıb. Klubun baş meneceri Zaur Əzizov apasport.az saytına açıqlamasında 10 futbolçu ilə yollarını ayırdıqlarını bildirib. Bunlar yerli futbolçulardan Ramin Quliyevlə Namiq Əliyev, legionerlərdən - serbiyalılar Milan Antiçlə Branimir Subaşiç, rumıniyalı Razvan Tarlea, gürcüstanlı Qoqa Beraya, braziliyalı Bruno dos Anjos, argentinalı Kristian Torres, ingiltərəli Terri Kuk və Syerra-Leonedən Alhassan Banquradır.

Z. Əzizovun sözlərinə görə, komandanın ingiltərəli baş məşqçisi Toni Adams bu futbolçulara daha ehtiyac duymayıb: “Həmin futbolçulardan 9-u ilə müqavilə bitib, anlaşmaların müddətini uzatmadıq. Yalnız qış fasiləsində gələn Banquranın bizimlə müqaviləsi vardı. Onu transferə çıxarmadıq, müqaviləni qarşılıqlı razılıqla pozduq”.

Bu futbolçuların çoxu əsas heyətdə düşməkdə çətinlik çəkərək, əsasən ehtiyatda qalırdı. Yalnız serbiyalıları fərqləndirmək olar. Ancaq məsələ ondadır ki, “Qəbələ” millimizin üzvü Mahir Şükürovu transfer edəndən sonra oyunla eyni ampluadan olan – sağ cinah oyunçusu Antiçin gedişi gözlənilən idi. Subaşiç isə milliləşdirildiyindən, legioner yox, yerli oyunçu statusu daşısa da, ümidləri doğrultmadı. Digərlərindən Bruno çempionatımızın ən gənc (20 yaş) legioneri idisə, Kuk ən yaşlı (35) əcnəbilərdən oldu. Qoqa isə artıq 6 ildir Azərbaycan çempionatında çıxış edir. O, əvvəllər “Gəncə” və “Qarabağ”ın şərəfini qoruyub. 27 yaşlı yarımmüdafiəçi “Qəbələ”nin bir sıra oyunlarında kapitanlıq sarğısı da daşıyıb.

Qeyd edək ki, “Qəbələ”nin yollarını ayırdığı futbolçulardan yarısı Adamsın transferi idisə, yarısı (Beraya, Antiç, Tarlea, Torres və Əliyev) onun baş məşqçi postunda əvəzlədiyi Ramiz Məmmədovun vaxtından “Qəbələ”də oynayırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR