Bundesliqa rəhbərliyi 36 klubun iştirakı ilə keçirilməli olan Assambleyanı təxirə salıb.
Apasport.az saytının məlumatına görə, çempionatın bərpası ilə bağlı qərarın verilməli olduğu tədbir aprelin 17-də baş tutmayacaq.
Assambleya 6 gün sonraya ayın 23-nə planlaşdırılıb. Bu onunla bağlıdır ki, qarşıdakı bir həftə ərzində Almaniya hökuməti koronavirus pandemiyası ilə mübarizədə növbəti tədbirləri açıqlamalıdır.
Buna görə də Bundesliqa çempionatı mayın 1-də bərpa etməklə bağlı qərarı qəbul etmək üçün tələsməyib. Çünki karantin müddəti aprelin 30-dan sonraya uzadılsa, çempionatla bağlı qərar məntiqsiz olacaq.
Qeyd edək ki, Bundesliqa klubları aprelin 6-dan məşqləri bərpa edib.