"Milli komanda ilə klubu çalışdırmaq fərqlidir. Bir neçə aydan sonra toplaşan oyunçularla qısa müddətdə iki matça hazırlaşmalısan. İlboyu bütün futbolçuları diqqətdə saxlamalısan".
Apasport.az saytının məlumatına görə, bunu italiyalı mütəxəssis Canni De Byazi deyib.
Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən olan 64 yaşlı çalışdırıcı yerli mətbuata açıqlamasında koronavirus pandemiyasının gələcək planlarına təsir etdiyini bildirib. De Byazi konkret ad çəkməsə də, Azərbaycandan təklif aldığını təsdiqləyib: "İlk növbədə sağlamlıqla bağlı bütün dünyada yaranmış problemin həllini gözləməliyik. Diqqətimi çəkəcək layihə axtarışındayam. İranla qonşu ölkəyə getməyə çox yaxın idim. Hər şey son anda dəyişdi. Əlavə olaraq koronavirus problemi də ortaya çıxdı".
Qeyd edək ki, Canni De Byazi Azərbaycan millisinin baş məşqçisi postuna 6 namizəddən biridir. Onunla yanaşı, Abdullah Avcı, Ərsun Yanal, Luici Di Byaco, Çezare Prandelli və Eusebio Di Françeskonun da adı yığmamızla hallanır.