"Qarabağ"ın və Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin apasport.az saytına müsahibəsi
- Karyeranız ərzində bu qədər istirahət etdiyiniz dönəm yadınıza gəlir?
- Açığı, buna istirahət deyə bilmirəm. Əksinə, heç cür rahatlıq olmadığı üçün insan daha da əsəbləşir.
- "Qarabağ" artıq neçə ildir ki, sıx təqvimlə çıxış edir. Bu məcburi istirahətin bir növ sizin xeyrinizə olduğunu demək olar?
- Düşünürəm ki, bunun heç bir faydası yoxdur. Çünki yaxşı formada idik. İndi yenidən fiziki durumumuzu yaxşılaşdırmaq üçün çalışmalı olacağıq.
- Meydandakı yorğunluq, yoxsa evdə boş oturmaq yaxşıdır?
- Əlbəttə ki, daim məşq etmək və meydanda yorulmaq evdə oturmaqdan yaxşıdır. Biz belə həyata öyrəşməmişik. Allahın izni ilə bu vəziyyətin bitməsini istəyirəm. İnsanlar artıq əllərində olanların qədrini bilməyə başlayırlar.
- Çempionat dayandırılmasaydı, bəlkə də, indi çempionluq sevinci yaşayırdınız. Gec də olsa, qızıl medalın sizə veriləcəyinə əminsiniz?
- Düzü, hazırda ən az düşündüyüm şey budur. İndi insanların sağlamlığı daha vacibdir, nəinki belə məqamlar.
- Adətən əcnəbi qapıçısı olan komandada yerli ehtiyatda qalır. Ancaq siz "Qarabağ"da əsas heyət üzvüsünüz. Vaqner da Silvanı üstələməyinizi nə ilə bağlamaq olar?
- Güclü olmaq və baş məşqçinin etimadını qazanmaq üçün hər gün durmadan öz üzərimdə hazırlaşıram. İrəliləyiş üçün daim bir məqsəd olmalıdır: çalışmaq və güclü qalmaq.
- İndiyə qədər "Qarabağ"da önünüzdə çox müdafiəçi oynayıb. Ən çox hansılarla yaxşı anlaşmısınız?
- Hazırda "Qarabağ"da oynayan müdafiəçilərin hamısı mənim ən yaxşı anlaşdığım komanda yoldaşlarımdır.
- Kapitanınız Rəşad Sadıqov mövsümün sonunda karyerasını bitirəcək. Sizcə, Rəşad davam etmək gücündədir?
- Məncə, Rəşad hələ də oynaya bilər. Amma bu, onun öz seçimidir, biz də hörmətlə yanaşmalıyıq. Rəşad "Qarabağ"ın kapitanıdır. O, "Qarabağ"a və Azərbaycan futboluna çox şey verib.