Azərbaycan Premyer Liqasında növbəti mövsümün mümkün formatı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O, assosiasiyanın Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
Məmmədov bildirib ki, 10 komandalı çempionatda da format eyni olacaq. İcraçı vitse-prezident bununla bağlı PFL prezidenti Ramin Musayevlə də danışıb: “Ramin müəllimlə bu məsələni şifahi danışmışıq. Çox güman ki, 4 dövrəli sistem olacaq. Onun istəyi də budur”.
Məmmədov legioner limitinin dəyişdirilməsi barədə fikirlərini bildirib: “İdeal formulanı tapmaq həmişə çətin olur. AFFA İcraiyyə Komitəsinin iclasında da hər dəfə bu barədə danışılır. 10 komanda olsa, bəlkə indidən müzakirə etmək və düşünmək lazımdır. 8 komanda ilə legioner limitini dəyişmək düzgün olmaz. Mən fikrimi mütəxəssislərin rəyinə əsasən deyirəm”.
Qeyd edək ki, hazırda Premyer Liqada 8 komanda 4 dövrədə mübarizə aparır.