Azərbaycandakı dağ yəhudiləri bayram hazırlıqlarına başlayıb

Azərbaycandakı dağ yəhudiləri bayram hazırlıqlarına başlayıb
# 31 avqust 2015 10:24 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Dünya yəhudiləri sentyabrın 14-də “Roş-Ha-Şana” bayramını qeyd edəcək.

Yəhudi təqvimi ilə 5776-cı ili qarşılamaq münasibəti ilə Azərbaycandakı Dağ yəhudiləri icmasında dünya yəhudilərinin bayramına hazırlıqlar başlayıb.

Azərbaycan Dağ Yəhudiləri İcmasından APA-ya verilən məlumata görə, dördüncü ildir Azərbaycandakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin təşəbbüsü və təşkilatçılığı ilə icmanın az təminatlı üzvlərinə ərzaq çeşidlərindən ibarət yardım edilir. Bu il “Roş-Ha-Şana” bayramı ərəfəsində 300 ailəyə ərzaq paketi təqdim olunacaq.

Qurumdan qeyd ediblər ki, Dağ yəhudiləri icmasının həyatında yenilik baş verib. Yasamal rayonu ərazisində yerləşən “Qurd qapı” sı adlanan qəbiristanlığın yəhudi hissəsində dəfn mərasiminin (meyidin yuyulması və kəfənlənməsi) təşkili üçün nəzərdə tutulan xüsusi binanın sentyabrın 1-də tikilməsinə başlanacaq.

Milix Yevdayevin təşəbbüsü ilə inşa edilən sözügedən binandan bütün yəhudilər (dağ yəhudiləri, Avropa və gürcü yəhudiləri) istifadə edə biləcəklər. Buna kimi dağ yəhudilərin özlərinin ayrıca belə bir xidməti fəaliyyət göstərməyib. Xidmət ödənişsiz olacaq.

Yeni 5776-cı ilin gəlişi münasibəti ilə dağ yəhudiləri sinaqoqunda böyük bayram süfrəsi açılacaq. Bayram duaları oxunacaq, şənliklər təşkil olunacaq. Tədbirə İsrail dövlətinin Azərbaycandakı səfiri, millət vəkilləri və ictimaiyyət nümayəndələri dəvət olunub.

Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev bildirib ki, “Roş-Ha-Şana” özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır: “Bu gün Azərbaycan etnik-mədəni müxtəlifliyin, multikulturalist ənənələrin qorunub saxlandığı, ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad şəraitinin mövcud olduğu nadir məkanlardandır. Azərbaycan cəmiyyətində yəhudi icmasının özünəməxsus yeri var”.

M.Yevdayev əlavə edib ki, yəhudi əsilli Azərbaycan vətəndaşları hazırda böyük inkişaf və tərəqqi yüksəlişini yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir, hüquqi dövlət quruculuğu prosesində fəal mövqe nümayiş etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR