Bu ilin iyun ayında korrupsiyada ittiham edilən keçmiş futbol rəsmiləri Jozef Blatter və Mişel Platininin məhkəməsi keçiriləcək.
APA-nın "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal Cinayət Məhkəməsinin internet saytında məlumat yerləşdirilib.
Qeyd olunub ki, dinləmələr Lozannada iyunun 8-də başlayacaq və 22-dək davam edəcək.
Prokurorlar FIFA-nın sabiq prezidenti Blatteri 2011-ci ildə UEFA-nın o vaxtkı prezidenti Platiniyə qanunsuz yolla 2 milyon dollar ödəməkdə ittiham edir.
Hər iki sabiq futbol rəsmisi fırıldaqçılıq və bəzi digər qanunsuz davranışlarda günahlandırılsa da, özlərini təqsirli bilmirlər.
17 il FİFA-ya rəhbərlik etmiş Blatter 2015-ci ildə, Platini isə 2016-cı ildə istefa verib. Onların hər ikisi etik pozuntular əsas gətirilərək 6 il müddətinə futboldan uzaqlaşdırılıblar.
Bu hadisə FIFA tarixinin ən böyük korrupsiya qalmaqalı hesab edilir.