“Təbii ki, oyun Qara Qarayevin qırmızı vərəqəsindən sonra dəyişdi”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.
İtaliyalı mütəxəssis Latviya ilə Maltada keçirilən yoldaşlıq oyunundan sonra mətbuat konfransı keçirib. De Byazi qarşılaşma barədə fikirlərini açıqlayıb: “Oyuna yaxşı başlamışdıq. Renat Dadaşov və Dmitri Nazarovla qol vurmaq şansımız oldu, bəxtimiz gətirmədi. Oyundan sonra futbolçulara da dedim ki, nəticədən razı ola bilmərik, amma azlıqda qalmağımıza baxmayaraq meydanda əsl komanda gördüm. Son dəqiqələrədək mübarizə apardıq. Bu gün mübarizə aparan futbolçuların çoxu növbəti oyunlarda bizimlə birlikdə olacaq. Ümumiyyətlə, iyunda Millətlər Liqasında qısa zamanda 4 oyun keçirəcəyik. Daha geniş heyətə ehtiyacımız olacaq”.
O bildirib ki, qol epizodundan öncə künc zərbəsi zamanı lehimizə qayda pozuntusu olub, amma hakim tam əks tərəfə cərimə verib: “Riçard Almeydanı alqışlamaq istəyirəm. Heyətdəki ən təcrübəli futbolçulardan biridir. Bu yaşda 35-40 dəqiqə dinamik oynadı, yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. Digər futbolçular Renat Dadaşov, Dmitri Nazarov və Səlahət Ağayev də inamlı təsir bağışladı. Futbolçulardan razı qaldım. Əlbəttə, nəticə ürəyimizcə olmadı. Bununla belə, oyunda pozitiv məqamlar gördüm”.
Qeyd edək ki, Maltada baş tutan matçda yığmamız 0:1 hesabı ilə uduzub.