Zaqreb “Dinamo”suna keçən Mahir Emrelini Xorvatiya klubunda güclü rəqabət gözləyir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusunun gücləndirməli olduğu “Dinamo”nun ön xəttində kifayət qədər oyunçusu var.
Cari mövsümdə komandanın ən yaxşı bombardiri Mislav Orşiç 32 matçda 10 qol vurub. Xorvatiya yığmasının 30 yaşlı forvardı 2018-ci ilin yayından “Dinamo”da çıxış edir. Orşiç 4 ildə 170 görüşdə 68 qola imza atıb. Ötən mövsüm çempionatda 16 qol vuran forvard liqada 3-cü, klubda 2-ci olub. O, sabiq komanda yoldaşı, hazırda “Kayserispor”da çıxış edən Mario Qavranoviçdən bir top geri qalıb. Orşiç millidəki 14 matçda 1 qola sevinib. Zəngin karyeraya malik futbolçu İtaliyada “Speziya”da çıxış edib, həmçinin Cənubi Koreya və Çində legioner həyatı yaşayıb.
Bruno Petkoviç də təcrübəsi ilə öyünə bilər. Cari mövsümdə 29 matçda 9 qola sevinən 28 yaşlı forvard 193 sm boyu ilə də seçilir. Millidə 21 görüşdə 6 qol vuran hücumçu Azərbaycanla qarşılaşmada debüt edib. “Verona”, “Katanya”, “Vitess” və “Bolonya” kimi klublarda oynamış ucaboy hücumçu 2018-ci ilin yayından “Dinamo”dadır. O, bu müddətdə 149 görüşdə 48 dəfə rəqib qapısına yol tapıb.
27 yaşlı Komnen Andriç cari mövsümdə 22 qarşılaşmada 7 qola sevinib. Serbiyalı hücumçu da Orşiç və Petkoviç kimi 2018-ci ildə Zaqreb klubuna keçsə də, fasilələrlə klubun formasını geyinib. O, ümumilikdə 42 qarşılaşmada 15 qola sevinib.
Ümumiyyətlə, “Dinamo”nun hücum xəttində Petkoviç və Andriçdən başqa daha iki oyunçu var. Bunlar Deni Yuriç və Dua Çopdur. Lakin onlar heyətə düşmək uğrunda mübarizədə komandanın təcrübəli üzvlərinə uduzurlar.
Mahirin də yer aldığı vingerlər siyahısında Orşiçdən başqa, Dario Şpikiç və Luka Menalo diqqət çəkir. Dario cari mövsüm transfer olunduğu “Dinamo”da 16 görüşdə 1 qola imza atıb. 23 yaşlı futbolçu Xorvatiyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib.
Bosniya və Herseqovina millisində 15 matça çıxan Lukanın 4 qolu var. Zaqreb təmsilçisində cari mövsüm 29 görüşə çıxan legioner 5 dəfə fərqlənib. 2018-ci ilin yayından fasilələrlə “Dinamo” forması geyinən bosniyalı 43 görüşdə 8 qol vurub. Baş məşqçi Jelko Kopiçin sərəncamında daha bir vinger – nisbətən az şans qazanan İvan Şaraniç də var.
Qeyd edək ki, hazırda Xorvatiya çempionatının lideri olan “Dinamo” Avropa Liqasının pley-offunda “Sevilya” ilə qarşılaşacaq.