UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, iclas videokonfrans formatında təşkil olunub.
Konfrans Liqasında fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda qeydə alınmış fair play hadisəsi də iclasın gündəliyinə daxil olunub. Bu, AFFA-nın icraçı vitse-prezidenti, müvafiq komitənin sədri Elxan Məmmədovun təklifi ilə gerçəkləşib. İclas iştirakçıları məsələ barədə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirib və qol qərarı ləğv olunub.