İqtisadçı-ekspert: "Yaxın vaxtlarda Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsində rekord göstərici qeydə alınacaq"

İqtisadçı-ekspert: "Yaxın vaxtlarda Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsində rekord göstərici qeydə alınacaq"
# 31 mart 2018 05:30 (UTC +04:00)

Yaxın vaxtlarda Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsində rekord göstərici qeydə alınacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyadakı Azərbaycan icmalarının təşkilatçılığı ilə keçirilən "Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlığı inkişafının və möhkəmləndirilməsinin əsas prinsipləri" adlı beynəlxalq konfransda çıxış edən rusiyalı iqtisadi ekspert Yuri Şedrin bildirib.

Konfransda "Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq" adlı məruzəsi ilə çıxış edən Y.Şedrin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin səviyyəsi ilə bağlı son statistik məlumatları açıqlayıb. Onun sözlərinə görə, 2017-ci ildə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,6 mlrd. ABŞ dollarını ötüb: "İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ildəki ilə müqayisədə 34 faiz artıb. 2018-ci ilin yanvar ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz artım qeydə alınıb. Bu, çox yaxşı göstəricidir. Ümid edirəm ki, yaxın vaxtlarda Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində rekord qeydə alınacaq".

Rusiyalı iqtisadi ekspert Qərb dövlətlərinin ölkəsinə qarşı sanksiya tətbiq etdiyi vaxt Azərbaycanın Rusiyaya yardım əlini uzatdığını xatırladıb: «Azərbaycan Rusiyaya dəstək oldu. Azərbaycanın kənd təsərrüfatı malları Rusiya bazarına axın etməyə başladı».

Y. Şedrin hər iki ölkənin qarşılıqlı olaraq investisiyalar yatırdığını qeyd edib: "Bu gün Azərbaycanda 700-ə yaxın Rusiya şirkəti fəaliyyət göstərir. Bunların 300-ü sırf Rusiya kapitalı əsasında yaradılıb. Bu gün Rusiya və Azərbaycan birgə nəhəng layihələrə imza atırlar. Bunlardan biri Şimal-Cənub dəhlizidir. Bu layihə Rusiyanı daha qısa yolla Hind okeanına çıxaracaq. Şimal-Cənub layihəsi Azərbaycanın tranzit ölkə kimi regionda əhəmiyyətini çox artırır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR