Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun klubu Plotsk “Visla”sı maliyyə problemi ilə üzləşib.
Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Ektraklasa təmsilçisi oyunçuların maaşını ödəməkdə çətinliklə üzləşib.
Xüsusən də, 3 nəfərin – Anton Krivotsyukla yanaşı, Kristian Vallo və Filip Lesnyakın alacağı ilə bağlı problem yaşadığı vurğulanıb. Bununla bağlı bəyanat yayan “Visla” məlumatı təkzib etməyib. Klub futbolçulara yalnız son ayın maaşının ödənilmədiyini açıqlayıb. Ancaq oyun bonuslarının vaxtlı-vaxtında verildiyi vurğulanıb.
Gecikmə ilə bağlı problemin nə zaman yoluna qoyulacağı ilə bağlı məlumat verilməyib. Rəhbərlik vəziyyətdən çıxış yolunu bir və ya iki oyunçusunu satmaqda görür.
Yerli KIV Xorxe Fernando Barbosa, Kristian Vallo və milli komandamızın müdafiəçisinin transferinin klubu maddi cəhətdən çətin duruma saldığını yazsa da, “Visla” bəyanatında bununla razılaşmayıb: “Barbosanı icarəyə götürmüşük və maaşının böyük hissəsini müqavilə ilə məxsus olduğu klubu ödəyir. Krivotsyuk “Neftçi”dən ayrılaraq bizə azad agent kimi gəlib. Vallo isə ucuz qiymətə alınıb”.
Qeyd edək ki, mövsümün əvvəlində “Visla”ya “Neftçi”dən keçən Anton Krivotsyukun müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.