Bakı – APA. “Təklif olarsa, Azərbaycanda böyük məmnuniyyətlə çalışaram”. Bunu apasport.az saytına açıqlamasında Türkiyə çempionatının I divizionunda mübarizə aparan “Dənizlispor” klubunun baş məşqçisi Sərdar Dayat söyləyib.
Həmyerlilərimiz Arif İsayevlə Saşa Yunisoğlunun çalışdırıcısı olan 44 yaşlı mütəxəssis vaxtilə “Gənclərbirliyi”, “Samsunspor”da köməkçi məşqçi kimi fəaliyyət göstərib. Ötən mövsüm isə Bolqarıstanda oktyabrın 22-dən aprelin 20-dək “Etır”a rəhbərlik edib. Mövsümün sonunda onun sabiq komandası elitadan aşağı dəstəyə düşüb və mayın 8-də rəsmi şəkildə dağılıb.
İyulun 25-dən “Dənizlispor”un “sükanı arxası”na keçən Dayat Azərbaycanı çox bəyəndiyini, təklif olacağı halda ölkəmizdə işləmək istədiyini bildirib. O, Rasim Kara, Bülənt Korkmaz, Fatih Kavlak, Cüneyt Biçər kimi türkiyəli məşqçilərin Azərbaycanda uğur qazana bilməməkləri faktına belə reaksiya verib: “Fatih fiziki hazırlıq, Cüneyt isə aşağı yaş qrupları üzrə ixtisaslaşmış məşqçilərdir. Onlar yalnız vəziyyətdən asılı olaraq baş məşqçi postuna gətiriliblər. Bu məqamı nəzərə almaq lazımdır. Türkiyədən Azərbaycana gələn məşqçilərin yalnız ikisi peşəkar idi – Bülənt Korkmaz və Rasim Kara. Mən təhsilimi Almaniyada almışam, həmin sistemin məşqçisiyəm. Türkdən çox almanam. Alman mentalitetinə sahibəm. Azərbaycanda da daha çox bu sistemə güvənilir. Millinizdə çalışan Berti Foqtsu, Bernard Lipperti yaxşı tanıyıram”.