Bakı – APA. “Dəniz Atəş Bendil “Qalatasaray” – “Trabzonspor” görüşündə 1-ci dəqiqədən sona qədər çox ciddi səhvlər etdi. Futbol həyatımda bu cür hakimlik görməmişdim”. Bu sözləri apasport.az saytına açıqlamasında türkiyəli məşqçi, “Fənərbaxça”nın əfsanəsi Oğuz Çətin deyib.
Superliqanın XXII turunda baş tutan “Qalatasaray” – “Trabzonspor” görüşündə baş hakim Dəniz Atəşin idarəçiliyi böyük səs-küyə səbəb olub. “Cim-bom”un 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Atəşin qonaq komandanın 4 futbolçusu – Özər Hurmacı, Aykut Dəmir, Luis Kavanda və Salih Dursunu meydandan qovması birmənalı qarşılanmayıb.
Bununla bağlı danışan “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı maraqlı fikirlər səsləndirib.
O bildirib ki, Atəş Bendil ilk dəqiqələrdən futbolçulara qarşı aqressiv davranıb və bununla, oyuna nəzarəti itirib: “Futbolda hakim səhvləri tez-tez olur. Amma belə də yox. Türkiyədə gənc hakimləri qazanmaq adına yeni adlara dəstək verildi. Dəniz Atəş də son illər üzə çıxan hakimlərdəndi və bu yaxınlarda FİFA referisi adını alıb. Hakimlərin özəlliyi olmalıdı. Futbol qaydalarına riayət etməli, futbolçularla meydanda münasibəti düzgün qurmalıdılar. Bendil isə çox sərt münasibət göstərdi. Hakim sərt olmalıdı, amma yerində. Bendil futbolçulara daha yaxşı davranmalı idi. “Asdım, kəsdim” deməklə, aqressiv reaksiya göstərmək olmaz. Aqressiv davrananda nəticəsi bu cür olur. Topun oyunda qalması önəmlidi. Komandaların 11-11-ə, amma qaydalar çərçivəsində bitirməsi lazımdı”.
“Fənərbaxça”nın əfsanəsinin sözlərinə görə, Bendilin bərbad idarəçiliyi “Qalatasaray”a rəğbət və ya sevgisinin olması ilə əlaqəli deyil: “Bu cür idarəçiliyin “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və ya “Trabzonspor”la əlaqəsi yoxdu. Bu, hakimin səviyyəsi, həyata baxışı ilə bağlıdı. Hakimə səlahiyyət verilirsə, ondan düzgün yararlanmalıdı. Bendil isə bundan səhv istifadə etdi. “Qalatasaray”ın belə qələbəyə ehtiyacı yoxdu. Hakimin ilk yanlış qərarı elə “Qalatasaray”a qarşı oldu. Ev sahiblərinin qapısına təyin olunan penalti də doğru deyildi. Hakim hamıya qarşı hörmətli davranmalıdı. Amma Dəniz Atəş bunu etmədi”.
Çətin “Trabzonspor”un futbolçusu Salih Dursunun hərəkəti - qırmızı vərəqəni alıb, hakimin özünə göstərməsi ilə bağlı da münasibət bildirib. O, Dursunun bu davranışının doğru olmadığını vurğulayıb: “Bəli, meydanda çox uğursuz hakim var idi. Xaosu da elə onun özü yaratdı. Yəni, matçda insidentin yaranmasına səbəb Bendil oldu. Bunun fonunda Salihin etdiyi hərəkət, istənilən halda, yanlış idi. O cür hərəkət etməməli idi. Hakim səhv olsa belə, heç bir futbolçunun bu cür addım atmağa ixtiyarı yoxdu”.
Təcrübəli çalışdırıcı FİFA referisi adını daşıyan Dəniz Atəş Bendilə ağır cəzanın kəsiləcəyini düşünür: “Dəniz Atəş dəyərli insan ola bilər. Amma biz peşəkar işlə məşğuluq. Bu qədər böyük səhvlər edən birinə sərt cəza tətbiq olunmalıdı. Bendilin bundan sonra hakimlik etməsi çətin olacaq”.