Bakı – APA. “Qəbələ” futbol komandası daha bir legionerlə vidalaşır. Klubun vitse-prezidenti Fariz Yusifov apasport.az saytına açıqlamasında rumıniyalı sol cinah müdafiəçisi Kristian Pulhakla yollarını ayıracaqlarını bildirib. Belə ki, Türkiyədə təlim-məşq toplanışına aparılmayan legioner hazırda Qəbələdədir.
Nəcəfovun sözlərinə görə, rusiyalı baş məşqçi Yuri Syomin Pulhakı istəmədiyindən, çox güman onunla müqavilə pozulacaq. Qış fasiləsində transfer olunaraq 2 illik müqavilə imzalanan Kristian ötən çempionatımızda 10 matçda 785 dəqiqə oynayıb, 1 sarı vərəqə alıb.
Qeyd edək ki, “Qəbələ” ötən mövsüm bitəndən sonra legionerlərdən Luka Jinko, İfeanyi Emeqhara, Daniel Kruz, Mustafa Dabonu heyətindən kənarlaşdırıb.