Bakı – APA. “Kamal Quliyev “Sumqayıt”da işləyəcək? Bu, yəqin səhər zarafatıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt” klubunun prezidenti Kamran Quliyev deyib.
Azərbaycan Superkuboku uğrunda matçda “Xəzər Lənkəran”a uduzan (1:2) “Neftçi”nin istefaya göndərdiyi məşqçilər korpusunda Kamal Quliyev də yer almışdı. Artıq əslən sumqayıtlı olan və orada yaşayan millimizin sabiq üzvünün “Gənclik şəhəri”ni təmsil edən klubda işləyəcəyi yönündə xəbər yayılıb.
Lakin “Sumqayıt”ın prezidenti bildirib ki, bu məsələ gündəmdə deyil: “Etiraf edirəm, Kamal Quliyevlə çox yaxşı münasibətimiz var. Ara-sıra görüşüb, söhbətləşdiyimiz vaxtlar olur. Yəni, biz onu, o isə bizi yaxşı tanıyır. Ancaq Kamalın “Sumqayıt”da işləyəcəyi ilə bağlı çıxan xəbər doğru deyil. Gələcəkdə hər şey mümkündür. Ancaq hazırda gündəmimizdə belə bir şey yoxdur”.