Bakı-APA. Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirdə iştirak edən Azərbaycanın digər klubu “İnter” də ilk oyununa çıxıb.
“Qarabağ” və “Xəzər Lənkəran”dan fərqli olaraq, paytaxt təmsilçisi rəqibi ilə doğma publika önündə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə Kaxaber Sxadadzenin yetirmələri mütləq qələbə qazanmalı idi. Lakin “İnter” bunu bacarmayıb.
Belə ki, oyuna surətlə başlayan təmsilçimiz 7-ci dəqiqədə Asif Məmmədovla hesabı açıb.
Fasiləyə minimal üstünlüklə yollanan paytaxt klubu ikinci hissədə qapısını toxunulmaz saxlaya bilməyib. 72-ci dəqiqədə matça sonradan daxil olan Petteri Yokihaara “İnter”in qapıçısı Giorgi Lomayanı cəzalandırıb. Oyunun son dəqiqələrində “bankirlər” bir neçə dəfə ələ düşən fürsəti dəyərləndirə bilməyib və görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 11-də Finlandiyada keçiriləcək.