Bakı – APA. FİFA-nın bu gün keçirilən Konqresində baş tutacaq prezident seçkilərində qalib gələcək şəxs 2019-cu ilə qədər bu vəzifəni icra edəcək. Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın prezident vəzifəsini icra edən İssa Hayatu bəyan edib.
O bildirib ki, yeni rəhbər Zepp Blatterin prezidentlik müddətini sona çatdıracaq. 2015-ci ildə bu posta seçilib, sonradan istefa verən isveçrəlinin səlahiyyət müddəti 2019-cu ildə başa çatacağından, növbəti seçkilər də həmin vaxt keçiriləcək.
Qeyd edək ki, Sürixdə keçirilən tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov təmsil edir.