Bakı – APA. “Simurq”un sabiq baş məşqçisi Sergey Yuranın yeni komandası müəyyənləşib. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı çalışdırıcı fəaliyyətini Ermənistanda davam etdirməyə qərar verib.
Belə ki, 2011-2012 mövsümündə Azərbaycanda çalışmış Yuran “Mika” klubu ilə anlaşıb. Tərəflər arasında bu ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.
Bakı “İnter”inin 2011-ci ildə “Birlik Kuboku” turnirində 4:0 hesabı ilə məğlub etdiyi “Mika” 15 turdan sonra Ermənistan çempionatında 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, futbolçu karyerası ərzində Kiyev “Dinamo”su, “Benfika”, “Porto”, Moskva “Spartak”ı, “Fortuna”, “Bohum” və “Şturm” kimi komandaların formasını geyinmiş Yuran 2003-cü ildə məşqçiliyə başlayıb. “Simurq”dan ayrıldıqdan sonra o, “Sibir” və “Baltika” klublarında çalışıb.