“Hər kəs oyunun vacibliyini bilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dino Ndlovu deyib.
Azərbaycan çempionu UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 5-ci oyununu sabah Bakı Olimpiya Stadionunda “Çelsi”yə qarşı keçirəcək.
Matçdan əvvəl baş tutan mətbuat konfransında Ndlovu da iştirak edib. O, “Çelsi” ilə qarşılaşmada sona qədər mübarizə aparacaqlarını deyib: “Çelsi”yə böyük hörmətimiz var. Londondakı matç “Qarabağ”ın real gücünü əks etdirmir. Sabah özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Biz hər zaman növbəti oyunumuza köklənirik. Təzyiq altında deyilik. Artıq böyük komandalara qarşı oynayırıq. Əksinə, rəqib təzyiq altındadır. Sabah sanki sonuncu oyunumuza çıxacağıq. Üçüncü yeri tutmaq üçün mübarizə aparacağıq. Alınmasa, növbəti mövsümə köklənəcəyik”.
Cənubi afrikalı futbolçu bildirib ki, sabah qol vurmağa deyil, xal qazanmağa çalışacaq: “Qol önəmli deyil. Əsas komandaya kömək etməkdi. Məqsəd xal və ya qazana bilməkdi. Bunu edə biliriksə, komandaya kömək etmiş oluruq. Hər bir futbolçu da bu tərəfdən köməklik göstərmək üçün əlindən gələni edir”.