Bakı-APA. Əfqanıstanda avqustun 20-də son 10 ildə ilk beynəlxalq futbol matçı keçirilib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, tam anşlaqla (6 min tamaşaçı) Kabildə baş tutan yoldaşlıq görüşündə Əfqanıstan millisi Pakistan yığma komandasına 3:0 hesabı ilə qalib gəlib.
Oyun yenicə istifadəyə verilmiş stadionda “Dostluq matçı” şüarı altında baş tutub.
Matçın keçirildiyi ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb – stadionun ətrafında gücləndirilmiş polis və hərbçi kordonları növbə çəkib. Tribunada xüsusi ayrılmış sektora qadın azarkeşləri də buraxılıb.
Qeyd edək ki, bundan öncə Əfqanıstan və Pakistan milliləri arasında görüş 36 il əvvəl baş tutmuşdu. Sonuncu dəfə isə bu ölkədə beynəlxalq matç 2003-cü ildə Türkmənistan yığma komandası ilə keçirilib (1:0). Böyük futbol Əfqanıstanda 12 illik fasilədən sonra dirçəlməyə başlayıb. Yerli çempionat isə yalnız keçən il bərpa olunub.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) vitse-prezidenti İordaniya şahzadəsi Əli bin əl-Hüseyn bu günü “əfqan futbolu üçün tarixi gün” adlandırıb. “Əfqanıstanı son 10 ildə ilk beynəlxalq futbol matçının keçirilməsi və qələbə münasibəti ilə təbrik edirəm”, deyə o “Tvitter” səhifəsində sevincini bölüşüb.