Bakı – APA. “Yaxşı bilirəm ki, Azərbaycan millisi inadkar komandadır. Onlar asanlıqla təslim olan rəqib deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail yığmasının baş məşqçisi Eli Qutman deyib.
Təcrübəli mütəxəssis DÇ-2014-ün Azərbaycan yığması ilə keçiriləcək qarşılaşması öncəsi İsrail mətbuatına geniş müsahibə verib.
Daha çox öz komandası, ayrı-ayrı oyunçular haqda danışan Qutman sentyabrın 7-də baş tutacaq matçdakı rəqibi qısaca dəyərləndirib: “Rusiya ilə qarşılaşmanın 84-cü dəqiqəsinə qədər müqavimət göstərmişdilər. Sonda isə penalti zərbəsi ilə qapılarından qol buraxmışdı. Fikrimcə, həmin penalti qərarı da düzgün deyildi. Azərbaycan millisi əsasən müdafiə futbolu göstərir. Lakin mən də futbolçularıma güvənirəm. İnanıram ki, onlar rəqibin müdafiə səddini qıracaq”.
Qeyd edək ki, sentyabrın 7-də görüşəcək Azərbaycan və İsrail ötən il eyni gündə Bakıda keçirilən matçdan 1:1 hesablı heç-heçə ilə ayrılmışdı.