Bakı – APA. Futzal üzrə Azərbaycan millisi dünya reytinqində irəliləməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Serbiyada keçirilən Avropa çempionatının final mərhələsinə yekun vurulduqdan sonra 11-ci yerə yüksələn yığmamız daha bir pillə irəliləyib.
Belə ki, Faustino Peresin yetirmələri bu gün açıqlanan siyahıda ilk “onluğ”a daxil olub. Komandamız 1395 xalla planetin 10-cu yığmasıdı.
Millimizin irəliləməsinə Yaponiya səbəb olub. “Gündoğar ölkə” təmsilçisi son siyahı ilə müqayisədə 3 pillə geriləyib. 51 xal itirən asiyalılar 9-cu yerdən 12-ciyə eniblər. Nəticədə Qazaxıstan, Azərbaycan və Serbiya hərəyə 1 pillə irəliləyib.
DÇ-2016-nın pley-off mərhələsində komandamızın rəqibi olan Hollandiya isə 1237 xalla 22-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, 158 komandanın yer aldığı siyahıya İspaniya başçılıq edir – 1948 xal. Braziliya (1919) ikinci, Rusiya (1740) 3-cü pillədə yer alıb.
Dünyanın ən güclü 10 millisi
1. İspaniya - 1948
2. Braziliya - 1919
3. Rusiya – 1740
4. İtaliya – 1656
5. İran - 1626
6. Argentina – 1620
7. Portuqaliya - 1550
8. Ukrayna – 1484
9. Qazaxıstan – 1441
10. AZƏRBAYCAN – 1395