Bank Of Baku

Nadir Qasımov: “Hədələmək üçün gərək hakimlərin üzərinə tapança, ya da bıçaq çəkərdim”

Nadir Qasımov: “Hədələmək üçün gərək hakimlərin üzərinə tapança, ya da bıçaq çəkərdim”
# 13 noyabr 2013 14:41 (UTC +04:00)

Bakı – APA. “Mənə 10 oyunluq cəza kəsildikdən sonra AFFA-ya getdim. Bizim “Qaradağ Lökbatan”la oyunumuz çəkilsə də, həmin videokasseti gizlədiblər. Əgər elə düzgün insan idilərsə, gizlətməyəydilər. Günahım vardısa, 1 illik cəzalanmağa razı idim”. Bunu apasport.az saytına “Şuşa”nın baş məşqçisi Nadir Qasımov deyib.


Bu gün AFFA Apellyasiya və Ekspert Komitəsinin iclası olub. İclasda İntizam Komitəsinin (İK) Nadir Qasımovla bağlı qərarına da baxılıb. Apellyasiya və Ekspert Komitəsinin İntizam Komitəsinin qərarında dəyişiklik edib. Belə ki, qərara gəlinib ki, Qasımovun cəzası çox sərtdir və cəza müddəti yarıya endirilib. O, cəzanın qalan hissəsindən isə 6 aylıq sınaq müddəti tətbiq olunmaqla azad edilib.

İntizam Komitəsinin son qərarından sonra saytımıza verdiyi açıqlamasında şikayət etməyəcəyini, onsuz da Apellyasiya və Ekspert Komitəsinə müraciətin faydasız olduğunu bildirsə də, Qasımov sonradan fikrindən daşınıb: “Apellyasiyanı özüm şəxsən vermişəm. Məlik Həsənovla (PFL-in Texniki-İdman Şöbəsinin rəisini nəzərdə tutur – S.T.) söhbət etdim və dedim ki, haqqımda çıxarılan qərardan narazıyam. Cəzamın azaldılmasının yolunu göstərməyi xahiş etdim. Mən hakimi hədələməmişəm. Onu vurmamışam, təhqir etməmişəm. Deyirlər ki, onları hədələmişəm. Hədələmək üçün gərək hakimlərin üzərinə tapança, ya da bıçaq çəkərdim. Və yaxud əl qaldırsaydım, buna hədələmək demək olardı. Sadəcə, ona demişəm ki, heç erməni “Şuşa”ya qarşı belə hərəkət etməzdi, ancaq sən etdin”.

Qasımov cəzasının azaldılmasının səbəblərini belə əsaslandırdı: “Öz şikayət ərizəmdə də yazmışdım ki, heç nə də olmasa mənim 35 illik məşqçilik fəaliyyətimə qiymət verilsin. Ölkə futbolu üçün təmənnasız çalışıram. Görünür, bunu nəzərə alıb cəzamı yüngülləşdirdilər. Bundan başqa, sizin saytınızın da bu məsələdə böyük rolu oldu. Siz qərardan dərhal sonra zəng vurub danışmaqla məsələdə mənim haqlı tərəf olduğumu qismən sübuta yetirdiniz. Bundan sonra fikrim var ki, bir kamera alım. Qoy, belə mübahisəli epizodlar zamanı qayda pozuntularının kimə qarşı edildiyini çəkib hamıya göstərək”.

Qeyd edək ki, Nadir Qasımov I dəstənin VIII turunun “ “Şuşa” - “Qaradağ Lökbatan” (2:3) oyununda qonaqların 3-cü qolunun oyundankənar vəziyyətdən vurulmasına etiraz əlaməti olaraq matçdan sonra Rauf Cabbarovun başçılıq etdiyi hakimlərə etirazını kəskin şəkildə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR