Bank Of Baku

Nadir Qasımov: “Qeyrətləri, namusları varsa, həmin kaseti gətirsinlər baxaq”

Nadir Qasımov: “Qeyrətləri, namusları varsa, həmin kaseti gətirsinlər baxaq”
# 05 noyabr 2013 11:29 (UTC +04:00)

Bakı – APA. “Nə? 10 oyunluq cəzalanmışam? Əla! Bu qərarı verənlərə “afərin” deyirəm. 10 yox, gərək 20 oyunluq cəzalandıraydılar. Minnətdaram hamısına”. Bu sözləri apasport.az saytına açıqlamasında “Şuşa”nın baş məşqçisi Nadir Qasımov deyib.

 

AFFA-nın İntizam Komitəsi Qasımova sərt cəza verib. Buna səbəb kimi təcrübəli çalışdırıcının I divizionun VIII turunun “Qaradağ Lökbatan”la görüşündən sonra etdikləri göstərilir.

 

Belə ki, qarşılaşma başa çatdıqdan sonra baş məşqçi hakimlərə hədə-qorxu gəlib. Bu üzdən AFFA Nadir bəyə 10 oyunluq cəza kəsib. “Şuşa” isə 800 manat cərimə olunub.

 

Qasımov əməkdaşımızla söhbətində bütün günahı hakimlərdə görüb: “Bir şey olan kimi ancaq klublara, məşqçilərə, futbolçulara cəza kəsirlər. Bəs hakimlər? Bu gün oyunlara hazırlanmış qruplar göndərilir. “Şuşa” bir az dirçəlib deyə, başından basmaq lazımdır? Yeyəsiz komandayıq ona görə? Yaxşı olar ki, öz səhvlərini görsünlər. Oyunlara göndərdikləri hakimlərin səviyyəsinə baxsınlar. Çəkiliş var, əgər onların bir damcı qeyrətləri, namusları varsa, həmin kaseti gətirsinlər baxaq. Baş hakim artıq 2-ci dəqiqədə qapımıza penalti təyin edir. Dinmədik. İkinci topu vurdular, yenə dinmədik, qəşəng qol idi. Xoşdur! Hesab 2:2 olur, artıq bilmirlər nə etsinlər. 1 metrlik oyundan kənar vəziyyətdən rəqib futbolçu qaçıb qol vurur. Hamımız qışqırırıq, heç veclərinə deyil. Sonrada yan hakim ürəyini tutur, deməyə söz tapmır. Oyuna baxan hər kəs hakimlərə nifrət oxudular. Oyundan sonra yaxınlaşıb, sözümü demişəm. Təhqir-filan olmayıb. Soruşmuşam ki, “Şuşa” komandasına qarşı niyə belə hərəkət edirsən? Sözə bax e, hədə-qorxu gəlmişəm. Mən adama hədə-qorxu gələnəm? Elə fikrimdə nəsə olsaydı, edərdim də”.

 

“Şuşa”nın baş məşqçisi bildirib ki, matçı izləyənlər arasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da olub: “Məmmədov oturub meydanın rəqibə aid olan hissəsini küncündə, durub burda olan hadisədən xəbər verir. Deyir ki, orda oyundankənar vəziyyət yox idi. Bir balaca vicdanın oyansın da sənin. Hakimlər Komitəsinin sədrisən axı. Futbolumuzun bu səviyyədə olmasının əsas səbəbi Hakimlər Komitəsinin yarıtmaz işidir. Oyun bitən kimi hara getdi, bilmədim. Necə olur ki, hakim əmircanlı, inspektor əmircanlı, referinin atası da Hakim-İnspektorlar komitəsinin sədri. Bu necə olur axı? Adam tapmadılar, niyə mənim oyunuma məhz bunları göndərirsiniz?”

 

Qasımov “Qarabağ Lökbatan”ın hakimlərin köməyi ilə “Şuşa”ya qalib gəldiyi söyləyib. O, iddia edib ki, başqa cür rəqib onlardan xal ala bilməz: “Nə vaxt istəsələr, bu komanda ilə bir də görüşərəm. Əgər “Qaradağ Lökbatan” bizdən xal ala bilsə, onda mən Nadir Qasımov deyiləm. Gedərəm futboldan. Bezmişəm onsuz da. Bu boyda biabırçılıqlar olur, həmişə də hakimlər haqlı çıxır”.

 

Baş məşqçi İntizam Komitəsinin qərarından narazı olsa da, Apelyasiya və Ekspert  Komitəsinə müraciət etməyəcəyini deyib: “Bu vaxtacan eşitmisən ki, hansısa cəzanı ləğv etsinlər. Nə veriblər sağ olsunlar. Apelyasiyaya müraciət etməyəcəyəm. 35 ilini futbola verən adamı başa düşmürlərsə, onda onlara sözüm yoxdur. Hakimlikdən xəbəri olmayana dəstək verirlərsə, Azərbaycan futbolu çox qabağa “gedəcək”. Vicdanınızı ayıldın, hara gedirik biz?”.

 

Qeyd edək ki, “Şuşa” – “Qarabağ Lökbatan” (2:3) matçını Hakim-İnspektorlar Komitəsinin sədri Güloğlan Cabbarovun oğlu Rauf Cabbarovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Görüşdə Rahil Ramazanovla Samir Hacıyev yan xətt, Yusif Hüseynov isə dördüncü hakim funksiyasını yerinə yetirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR