Bakı-APA. “Meydana qələbə əzmi ilə çıxmışdıq. Ancaq istədiyimiz nəticəni qazana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının IV təsnifat mərhələsi çərçivəsində “Ayntraxt”a 0:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
O bildirib ki, komandasının bu matçda özünə bənzəməməsi yorğunluqla bağlı deyil: “Meydançanın vəziyyəti pis, rəqib isə çox güclü idi. Almaniyalı futbolçuların fərdi ustalığı çox yüksək səviyyədədir. Necə qollar vurdular. Həm meydança, həm də onların ustalıq səviyyəsi nəticəyə təsir göstərdi”.
Millimizin də üzvü olan yarımmüdafiəçi artıq təslim olmadıqlarını və avqustun 29-da səfərdəki cavab matçında sonadək oynayacaqlarını bildirib: “İnşallah, Almaniyaya oynamağa, vuruşmağa gedəcəyik. Artıq indidən uduzmamışıq. “Qəbələ” ilə oyunumuzun təxirə salınıb-salınmamağını baş məşqçimiz deyə bilər. Futbolçuyuq, işimiz budur - oynamaq. Yavaş-yavaş belə sıx oyun qrafiklərinə öyrəşməliyik. “Qarabağ” qrupa düşmək istəyir, amma alınmır. Bizə son təsnifat mərhələsində rəqiblər Avropanın yaxşı komandaları düşür. Sonda məğlub olsaq, fikrimizi çempion olmağa yönəldəcəyik”.