Bakı – APA. “Premyer Liqa klublarının 90 faizinin cərimə borcları var”. Bu sözləri apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
AFFA İntizam Komitəsinin daxili yarışlar zamanı qeydə alınan qanun pozuntularına dair kəsdiyi cərimələrin ödənilməsi ilə bağlı problemlər var. Bir çox klublar cərimələri ödəməkdə çətinlik çəkir və əksər hallarda gecikmələr olur.
Musayev bildirib ki, bu məsələdə klublara güzəştə gedirlər: “Əksər klubların borcu var. Düzdür, məbləğ elə də böyük deyil. Məsələn, 100 min manat həddinə çatan klub yoxdur. Borclar əsasən sonuncu turlarda kəsilən cərimələri əhatə edir. Onu da ödəyəcəklər”.
İntizam Komitəsi, Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra qonaq klubun vitse-prezidenti Tahir Süleymanovun KİV-də AFFA əməkdaşlarının (FİFA hakimi Əliyar Ağayev və FİFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyini əsas gətirərək, onu 10 oyunluq cəzalandırıb, kluba isə 20000 manat cərimə kəsib.
Süleymanov bir neçə gün öncə açıqlamasında bankdan kredit götürərək, cəriməni ödəyəcəyini söyləmişdi. Lakin PFL prezidenti ilə söhbət zamanı məlum oldu ki, Süleymanovun da adı var: “Xeyr, Tahir Süleymanovun cəriməsi hələ də ödənilməyib”.