Bank Of Baku

Robert Prosineçki: “Doğru addım atmışam”

Robert Prosineçki: “Doğru addım atmışam”
# 29 yanvar 2016 08:03 (UTC +04:00)

Bakı – APA. “Düz 1 ildi Azərbaycandayam. Sabiq baş məşqçinin dövründə ardıcıl məğlubiyyətlərə uğramışdılar. Bu məqamda komandanın “sükanı arxası”na keçdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Xorvatiyalı çalışdırıcı Serbiya mətbuatına verdiyi müsahibədə yığmamızla bağlı da fikirlərini bölüşüb.

 

Prosineçki yığmamızın başına çətin vəziyyətdə keçdiyini və onun gəlişindən sonra komandanın irəli addım atdığını bildirib: “Mən o məqamda gəldim ki, Azərbaycan yığması heç bir yaxşı nəticəyə imza ata bilməmişdi, xüsusilə yüksək səviyyəli komandalarla görüşlərdə. Norveç və Xorvatiya ilə oyunları misal göstərə bilərəm. Geridə qalan il ərzində irəliləyişə nail olduq. İlk rəsmi görüşümdə Maltaya qalib gəldik. Mənə elə gəlir ki, həmin oyundan sonra futbolçular daha artığını etmək gücündə olduqlarını başa düşdülər”.

 

47 yaşlı məşqçi qeyd edib ki, Azərbaycanda döyüş növlərinin yaxşı inkişaf etməsi futbola da müsbət təsir göstərə bilər: “Azərbaycan yığması əvvəl hər oyuna öz imkanlarına inanmadan, az qol buraxmaq məqsədilə çıxırdı. Mənim əsas vəzifəm bu idi ki, futbolçuları öz güclərinə inandıra bilim. Elə indi də və əsas işim bundan ibarətdi. Bunu reallaşdırmağa əsas var. Çünki bu ölkədə ənənəvi olaraq, döyüş növləri güclüdü. Həmin növlərdə azərbaycanlı idmançılar çox aqressivdilər və yaxşı döyüşmək qabiliyyətinə malikdilər. Futbolçular da eyni xüsusiyyətlə malikdilər və bu üstünlüklərini meydanda göstərməyə çalışırlar”.

 

Prosineçki U-21 yığmamızın Antalyadakı turnirdə uğurlu çıxışına da toxunub: “Azərbaycanda istedadlı gənc futbolçular var, hansı ki, onları yığmaya cəlb edirik. U-21 Bələkdə beynəlxalq turnirdə özünü yaxşı tərəfdən göstərdi. 20 gün Türkiyədə olduq, oyunları izlədik. Bu turnirdəki çıxış məni əmin etdi ki, Azərbaycan futbolunun gələcəyi var”.

 

Millimizlə gələn ilə qədər müqaviləsi olan Prosineçki sözləşməsinin müddətinin uzadılacağına işarə vurub: “Azərbaycan yığması ilə müqaviləmin müddəti 2017-ci ilə qədərdi. Lakin hiss edirəm ki, onlar sözləşməmi yeniləmək, mənimlə Avropa çempionatının seçmə mərhələsində də əməkdaşlıq etmək istəyirlər. Odu ki, 2020-ci ildə də Azərbaycan yığmasını çalışdıra bilərəm, bu, mümkündü. Burdakı işimdan razıyam, mənə əla şərait yaradılıb. İnfrastruktur, stabil maliyyə də ürəyimcədi. Müqaviləmin şərtlərindən asılı olmayaraq, məni hər şey qane edir. Azərbaycan yığmasından təklif gələndə vəziyyəti dəyərləndirib, razılıq vermişdim. Artıq başa düşürəm ki, doğru addım atmışam”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR