Bakı-APA. “İlk hissədə mükəmməl oynadıq. Hər şey əla idi. Amma ikinci yarıda nə baş verdiyini mən də anlamadım”. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini “Real”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Madriddə 4:1 hesablı məğlubiyyəti dəyərləndirən italiyalı mütəxəssis müdafiədəki problemləri xüsusi olaraq vurğulayıb: “İkinci hissədə 4-5 səhv etdik və bunun cəzasını çəkdik. Bu səviyyədə belə səhvlər etməməliyik. Bu şəkildə səhvlər edərsəniz, “Real” kimi komandalar sizi ağır şəkildə cəzalandırar. Bu primitiv səhvləri izah etməkdə belə çətinlik çəkirəm”.
Mançini dekabrın 10-da İstanbulda “Yuventus”la keçiriləcək son matç haqqında da danışıb: “Yuventus”la oyunda xüsusilə də azarkeşlərimizə çox ehtiyacımız olacaq. Onlar bu matçda bizə çox kömək etməlidir. Son dəqiqəyə qədər azarkeşlərimiz komandanı dəstəkləməlidir. Son oyunumuz çox vacib olacaq”.