İqtisadiyyat və sənaye naziri İranın Rabitə və İnformasiya Texnologiyaları naziri ilə görüşüb

İqtisadiyyat və sənaye naziri İranın Rabitə və İnformasiya Texnologiyaları naziri ilə görüşüb
# 02 dekabr 2014 10:42 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2-5 dekabr tarixlərində Bakıda keçirilən "Bakutel 2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, görülən işlər, eləcə də əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Ş. Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, son zamanlar rəsmi şəxslərin və iş adamlarının qarşılıqlı səfərlərinin artdığını qeyd edib, M.Vaezinin ölkəmizə növbəti səfərindən məmnunluğunu ifadə edib. Görüşdə belə səfərlərin və keçirilən görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafında əhəmiyyəti vurğulanıb.

M.Vaezi ölkələrimiz arasında əlaqələrin genişləndiyini, əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş 9-cu iclasında əldə edilmiş razılığa uyğun olaraq, görülən işlərin gedişi barədə fikir mübadiləsi aparılmış, bir sıra sahələrdə ciddi irəliləyişlərə nail olunduğu bildirilib.

Həmçinin, iş adamları arasında əlaqələrin genişləndirilməsinə, sənaye, kənd təsərrüfatı, baytarlıq, energetika, alternativ enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR