Bakı – APA. “Komandamızın 1,5 illik müqavilənin müqabilində Mustafa Dənizliyə 6 milyon avro ödəyəcəyi qeyri-real söhbətdir”. Bu sözləri apasport.az saytına müsahibəsində “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Türkiyəli baş məşqçi Mustafa Dənizli “Xəzər Lənkəran”la 1,5 illik müddətinə razılığa gəldiyi ərəfədə, qazancı ilə bağlı qardaş ölkə mətbuatında bəzi iddialar yer almışdı.
Təcrübəli mütəxəssisin məvacibinin dünyanın bir çox məşqçisinin maaşından çox olacağı, “Xəzər Lənkəran”da işlədiyi müddətdə 6 milyon avro qazanacağı bildirilirdi. Həmçinin, hazırda Topaz Premyer Liqasında 8-ci pillədə olan “ağ-yaşıllar” çempionatı 2-ci yerdə başa vursa, Dənizliyə daha 1 milyon avro mükafat veriləcəyi qeyd olunmuşdu.
Lakin Nadirov bu xəbərin doğru olmadığını söyləyib: “Bu, şişirdilmiş məbləğdir. Lakin onu da qeyd edim ki, “Xəzər Lənkəran” klubunda heç bir maddi məhdudiyyət yoxdur. Klubumuzun fəxri prezidenti Mübariz Mənsimov lazım olan dəstəyi artıqlaması ilə göstərir. Digər tərəfdən, Mustafa Dənizli kimi bir məşqçi Azərbaycana yalnız pula görə gəlməyə razılıq verəcək birisi deyil. Onun “Xəzər Lənkəran”ı seçməsində Mübariz bəyin nüfuzu həlledici rol oynayıb”.
Qeyd edək ki, Mustafa Dənizli “Xəzər Lənkəran”ın baş məşqçisi postunda Con Toşakı əvəzləyib.