Bakı – APA. Futzal üzrə başa çatan Avropa çempionatı bir sıra maraqlı statistikalarla diqqət çəkib. Apasport.az saytının məlumatına görə, İspaniyanın çempionluq qazandığı yarışda Azərbaycan yığmasının bombardiri Auqusto olub.
Aktivinə 3 qol yazdıran braziliyalı hücumçu, eyni zamanda 2 məhsuldar ötürmə verib. Qitə birinciliyində ən çox qol vuran futbolçu sayı isə 5 olub.
Belə ki, İspaniyanın 3 üzvü Mario Rivillos, Aleks və Migelin, həmçinin portuqaliyalı Rikardinyo və qazaxıstanlı Serik Zamankulov hərəyə 6 dəfə fərqləniblər. Rivillos və Migelin 4 qol ötürməsi də veriblər. Assist “kral”ı isə 5 ötürmə ilə Robinyo (Rusiya) və Marko Periç (Serbiya) olub.
Millimizin heyətində ən çox zərbə mövqeyinə çıxan oyunçu da Auqustodu. 36 yaşlı oyunçu ümumilikdə 18 zərbədən 10-da çərçivəni dəqiq nişan ala bilib.
Yığmamızın ən kobud oyunçusu Rafaeldi. “Sambaçı” 6 dəfə qayda pozuntusuna yol verib ki, bu göstəriciyə görə 7 cərimə ilə yalnız serbiyalı Slobodan Rayçeviçdən geri qalıb. Digər braziliyalımız Amadeu turnirin ən çox vərəqə alan oyunçusu olub. 26 yaşlı futzalçı 3 sarı vərəqə ilə hamını qabaqlayıb. O, həm də turnir ərzində qırmızı vərəqə alan 3 oyunçudan biridi.
Yığmamız turnirdə cəmi 8 qol vura bilibsə, çempion İspaniya rəqib qapılarına hamıdan çox - 27 dəfə yol tapıb. Əvəzində Tino Peresin yetirmələri ən çox qol buraxan iki komandadan biridi. Rəqiblər Azərbaycan və finalçı Rusiyanın qapısından 14 top keçiriblər. Qapıçımız Rövşən Hüseynli orta hesabla hər matçda 4,6 qol buraxıb. Bu baxımdan o, cəmi 3 qolkiperdən yaxşı nəticə göstərib.
Millimiz keçirdiyi 3 görüşdə 36 dəfə künc zərbəsi yerinə yetirib. Komandamızın aktivinə orta hesabla hər oyuna 12 korner düşür ki, Peresin yetirmələri Çexiya ilə birlikdə ən yüksək göstəriciyə imza atıblar. Əleyhimizə isə 48 korner təyin edilib. Bu statistikaya görə, millimiz yalnız Rusiyadan (53 künc zərbəsi) geri qalıb. Orta hesabla hər qarşılaşmada 16 kornerlə yığmamız əlçatmaz olub.
Azərbaycan millisi turnirdə 21 dəfə qayda pozuntusuna yol verib. Serbiyanın 32 cərimə ilə ən intizamsız komanda olduğu turnirdə yığmamız 8-ci yerdə qərarlaşıb. Əvəzində futzalçılarımız 9 foulla ən az cərimə zərbəsi qazanan kollektiv olublar.
Peresin komandasının passivinə 7 sarı vərəqə yazılıb. Bu baxımdan yalnız 9 sarı alan ruslardan geri qalırıq.