Urartunun yadigarı, Şah Abbasın dağıtdığı qədim Azərbaycan şəhəri

Urartunun yadigarı, Şah Abbasın dağıtdığı qədim Azərbaycan şəhəri
# 05 sentyabr 2023 12:16 (UTC +04:00)

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Maku, yaxud Daş Makı şəhəri" məqaləsini təqdim edir.

Birinci yazı – XOY

İkinci yazı – Urmiya

Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri

Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları

Beşinci yazı – Ərdəbil

Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü

Yeddinci yazı - Marağa

Səkkizinci yazı - Təbrizdə Amerika bayrağına sarılaraq, oda atılan Azərbaycan sazı

Doqquzuncu yazı - Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer

Onuncu yazı - Güney Azərbaycandakı görkəmli tarixi məkanlardan biri - ŞƏHƏRYERİ

On birinci yazı - Əhər: Azərbaycan mədəniyyətinin qorunduğu şəhər

On ikinci yazı - Urmiya gölü: Güney Azərbaycanın qanayan yarası

On üçüncü yazı - Urmiya gölü quruyarsa: Xəstəliklər artacaq, əkinçilik məhv olacaq, insanlar köçəcək

Maku və ya Daş Makı şəhəri Batı Azərbaycan əyalətinin quzey-batısında yerləşərək quzeydən Qarasu çayı və Türkiyə Respublikası, doğudan Araz çayı və Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası), batıdan Türkiyə Respublikası, güneydən isə Xoy əyaləti ilə məhdudlaşır. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi (batı) Azərbaycan, Şərqi (doğu) Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Maku şəhəri, əslində, Maku rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayon Bazərgan kimi daha kiçik şəhər və Qala Dərəsi, Qərə Su, Çaybasar və Sarı Su kimi qəsəbələr ilə əhatə olunub. Maku Azərbaycanın ən gözəl şəhərlərindən biridir, onun köhnə hissəsi iki yüksək dağ silsiləsi arasındakı dar zolaq kimi bir vadidə yerləşir. Bu uzun və dar şəhərin kənarı ilə axan Zəngmar çayı şəhərin gözəlliyini ikiqat artırmaqdadır. Təbii ki, son illər şəhər xeyli genişlənib və adıçəkilən dağların nəzarətindən kənardakı düzənliklərə yayılıb.

Bu şəhər Bazarqan-Gürbulaq sərhəd qapıları və gömrüklərinin vasitəsi ilə günümüzdə İran-Türkiyə arasında quru yol keçidi sayılır və hər iki ölkəyə girib çıxanlar həmin şəhəri ziyarət edirlər. Maku şəhərinin təxminən 100 min nəfər əhalisi var. Əhalinin əksəriyyəti Azərbaycan türkcəsində və kiçik bir azlığı Kurmanc dilində danışır. Əksəriyyət müsəlman və şiə, azlıq isə sünnidir.

Maku şəhəri tarix uzantısında

Arxeoloji tapıntılar və tarixi məlumatlar Maku şəhərinin Urartu dövləti (eramızdan əvvəl birinci minillik) ərazisində yerləşdiyini göstərir. Urartu hökuməti gücünün ən yüksək çağında Doğu Anadolunu, Quzey İraq və Azərbaycanın böyük bir hissəsini idarə edirdi. Çox güman ki, Maku da Urartu ərazisinin bəzi hissəsiləri kimi, bir çox tarixçilərin proto-türk bir xalq olduğuna inandığı Urartu hökumətinin süqutundan sonra ermənilər tərəfindən işğal edilmiş və bir müddət ermənilər tərəfindən idarə edilmişdir. Qeyd etmək lazımdır ki, ermənilərin özlərini Urartu hökumətinin varisi kimi göstərmələri tamamilə əsassız və yanlış bir iddiadır. Ermənilər Urartu hökumətinin varisləri olmadığı kimi bu hökuməti ortadan qaldıran ünsür də deyillər. Arxeoloji tapıntılar və tarixi məlumatlara görə, Urartu hökumətini ortadan qaldıranlar ermənilər deyil, yenə də başqa bir proto-türk ünsür olan Sakalar olublar. Sakalar Azərbaycan torpaqlarında 30 ildən çox qalmayıblar. Sakalar başqa bölgələrə çəkildikdən sonra bölgədəki boşluğu bir xeyli ermənilər doldurublar. Bölgənin tarix boyu Azərbaycan türklərinə aid olduğu və çox zaman Azərbaycan türklərinin əlində idarə olduğunu arxeoloji tapıntılar və tarixi məlumatlardan başqa yer adları və toponimlər də sübut etməkdədir. Bölgənin, demək olar ki, bütün yer adları türkcədir.

Bu şəhər tarixən özünəməxsus coğrafi mövqeyinə görə strateji mövqeyə malik olub. Ancaq qədim qalaların qalıqları bu iddianı sübut etsə də, şəhərin tarixi haqqında məlumatımız çox azdır. İslam dövrünün səyyah və coğrafiyaşünasları arasında yalnız Yaqut Həməvi (1178-229) və Həmdullah Mostufi bu şəhər haqqında bilgi verməkdədir. Həməvi yazır:

“Makı Azərbaycanda bir qaladır. Hündür bir qayanın üstündə yerləşməkdədir. Qayanın kölgəsi günortaya kimi şəhərin üstünə düşür”.

Qərb tarixi mənbələrində bu şəhər haqqında çox məlumat verilmir. Makunun adını çəkən azsaylı qərblilər arasında Kastiliya (İspaniya) kralının Əmir Timurun sarayına göndərdiyi xüsusi elçi Ruy González de Clavijo də yer almaqdadır. 1403-cü ildə Makunu ziyarət edən İspaniya kralının səfiri də Maku qalasından söz edir.

Bəlkə, Makı Səfəvilər dövründə Azərbaycanın bir çox şəhərləri kimi böyümə və tərəqqinin şahidi ola bilərdi. Lakin bu şəhərin Çaldıran düzü yaxınlığında yerləşməsi və Çaldıran döyüşündə Səfəvi imperiyasının məğlubiyyəti bu sərhəd şəhərinin taleyinə pis təsir etdi. Bəzi tarixi mənbələr Maku qalasının Səfəvi dönəmində II Şah Abbasın əli ilə dağıdılmasını bədxahların və yol kəsənlərin həmin qalada gizlənməsi ilə əlaqələndirsələr də, çox güman ki, bu məsələ Səfəvilər və Osmanlılar arasında bağlanmış sülh müqaviləsi ilə bağlıdır. Osmanlı ilə Səfəvilər arasında bağlanan barış anlaşmalarında tez-tez bu kimi hallara, yəni sərhəd bölgələrində yerləşən qalaların boşaldılması və ya dağıdılmasına rast gəlirik.

Əslində, indiki Maku şəhəri qədim Dambat şəhərinin (İslamdan əvvəlki dövrdə böyük və geniş bir yerləşmə mərkəzi sayılan Dambat şəhəri günümüzdə Maku şəhərinin kəndlərindən bir sayılır) və ya Qaban qalasının (Maku qalası) yadigarından daha çox Türk Qacar sülaləsinin yadigarıdır. Qacarlar dövründə Qacar şahlarının xüsusi diqqət və məhəbbətini qazanan, oğuz türklərinin Bayat boyundan olan Makı xanları bu şəhərin inkişafında və böyüməsində çox böyük rol oynadılar. Məhz bu dövrdə Makunun adı və bu şəhərin vəziyyəti qərblilərin və Qacar dövlət məmurlarının səyahətnamələrində və xatirələrində dəfələrlə çəkilir.

Makunun Bayat elindən olan sonuncu xanı İqbal-üssəltənə (1895-1924), ruslarla osmanlılar arasında baş verən qarşıdurmalarda Qacar ailəsinə sadiq olmaqla yanaşı, həmişə osmanlıların lehinə mövqe tutmuş, hökm sürdüyü bölgələrdə ermənilərin və Rusiya tərəfdarlarının fəaliyyətinin qarşısını almışdır. Lakin o, nəinki osmanlıyönlü qrupların fəaliyyətinə mane olmurdu, hətta Osmanlı hakimiyyət orqanları ilə gizli əlaqələrə malik idi. İqbal-üssəltənə Rza Xanın agentləri tərəfindən çox hiyləgər şəkildə biçimdə aldadılaraq tutulub və nəhayət, öldürülüb.

Makı şəhərində Azərbaycan-türk varlığı

Maku Azərbaycan türk kimliyinin ən yaxşı şəkildə qorunub saxlandığı şəhərlərdən biridir. Şübhəsiz ki, bu şəhərin Quzey Azərbaycan (Naxçıvan) və Türkiyə sərhədlərinə yaxın yerləşməsi bu məsələdə təsirsiz olmayıb. Pəhləvi dönəmindən bəri Güney Azərbaycan türklənini assimilyasiya etmək üçün türk dili İranda aşağılanmış və yasaqlanmışdır. Ancaq bu sərhəd şəhərində yaşayan insanlar hər zaman Azərbaycan və Türkiyə mediasını izləmək şansına malik olublar. Və zaman-zaman türkiyəli və azərbaycanlı dildaşlarını yaxından görmək və onlarla əlaqə saxlamaq şansına da sahibdirlər.

Azərbaycan mədəniyyəti və dili bu şəhərdə Azərbaycanın digər şəhərlərində kimi hələ də yaşamaqdadır. Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, çərşənbə axşamı, Novruz bayramı, sayaçılar, kosa, təkəmçilər, çillə gecəsi, “Koroğlu” dastanı kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca, demək ki, Azərbaycan hələ bu şəhərdə yaşayır. Təbii ki, dildaşımız və qandaşımız sayılan Türkiyənin də bu şəhərdə türk-Azərbaycan mədəniyyətinin yaşamasında və güclənməsində danılmaz təsirini olubdur.

Günümüzdə Azərbaycan gəncliyi hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, Azərbaycanlılığını, Türklüyünü, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamağa qərarlıdır. İran hökumətinin mədəni, iqtisadi və siyasi zülmlərinə qarşı qəti iradə ilə dayanan, həbs və zindan ağrısını çəkən şair, yazıçı, aşıq və Azərbaycan milli hərəkatının digər fəalları Güney Azərbaycana parlaq gələcək vəd edir. Bunların Azərbaycan mədəniyyətini silməyə çalışan dövlət qurumları ilə müqayisədə imkanları çox az və qısıtlıdır, lakin sarsılmaz iradələri var. Qısacası, Yaqut Həməvidən təxminən 800 il sonra Maku şəhərini onun anlatdığı cümlə kimi anlatmaq istəsək, “Maku hələ də Azərbaycanın alınmaz bir qalasıdır” deyə bilərik.

Tarixi əsərlər və görməli yerlər

Qaban Qalası

Bu qala 250 hektar ərazini əhatə edir və yerləşmə baxımından Maku şəhərinin ən hündür nöqtəsində qərar tutur. Qalanın tikilmə tarixi dəqiq bilinməsə də, Teymurilər dövründə mövcud olduğu məlumadur. Maku qalasında düşmən hücumları zamanı müdafiə rolunu oynayan divarlar və hündür qüllələr var.

Qalanın divarları və hündür qüllələri elə idi ki, şəhər tamamilə qala mühafizəçilərinin nəzərində idi. Qalanın ərazisində həbsxana və hamamın qalıqlarını görmək olar. Qala üç tərəfdən və hətta müəyyən dərəcədə üst tərəfdən qayalıqlarla əhatə olunub və düşmənin qalaya sızması yalnız bir tərəfdən və çox çətinliklə mümkün ola bilərdi.

Baxçacıq Sarayı

Bu gözəl saray Qacarlar dövründə - 19-cu əsrdə tikilib və Maku xanlarının iqamətgahı olub. Bu saray indi muzeyə çevrilib və ictimaiyyət üçün açıqdır. Baxçacıq Sarayı Muzeyi 11 hektarlıq bağın ortasında yerləşən 2500 kvadrat metrlik böyük bir binadan ibarətdir. Bu bina simmetrik şəkildə tikilib. Memarlığın yarı yerlı, yarı xarici üslubdarır və əslində, inteqrasiya edilmiş memarlığa malikdir. Yerli hissə gül və kollarla və Qacar dövrünün simaları ilə xarici hissəsi də 19-cu əsrə aid rus evlərinin divar kağızları və təbii ki, Avropa oymaları ilə bəzədilib.

Bu muzeyin ən mühüm əsərləri Polşa, Fransa, Avstriya və Rusiya istehsalı olan divan növləridir. Bu sarayın ən gözəl daxili hissələrindən biri Hozxanə və ya Güzgülər Zalıdır (Aynaxana) ki, bu da, əslində, müxtəlif mərasim və şənliklərin keçirildiyi yer olmuşdur.

Fərhad Damı

Maku şəhərindən 7 kilometr quzey-batıda, Səngər kəndi yaxınlığında Urartu uyqarlığına və eramızdan əvvəl VIII əsrə aid olduğu güman edilən daşlı qayanın içində qazılmış olan bir ev var. Xalq arasında Fərhad Damı diyə bilinən bu 2 iç-içə otaqdan ibarət olan əsər daş pilləkənlə dağa bağlanır. Divarlarda taxçalar oyulmuş və işıqlandırma üçün məşəllərdən istifadə edilmişdir.

Fərhad Damının qazıldığı qayanın üst tərəflərində mütəxəssislərin Urartu dövrünə aid olduğuna inandıqları qədim bir qalanın divarlarının qalıntıları var.

Son söz

Maku yaşıl yaylaqları, güllü çiçəkli çəmənləri, uca dağları, gurultulu çayları, meşə parkları, saf təbiəti ilə Güney Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Ancaq bu şəhərin gözəllikləri yalnız təbiəti ilə bağlı deyil. Bu şəhərdə yaşayan Azərbaycan türkləri öz kimlikləri və varlıqlarını qorumaqda çox qərarlıdırlar. Eləcə də bu şəhərdə Azərbaycan Türk mədəniyyətinin gözəlliklərini görmək mümkündür. Güney Azərbaycanımızın batı bölgəsinə göz tikən PKK terror çətəsinin uzantıları bu şəhəri də öz medialarında bir kürd şəhəri olaraq tanıtdırmaq istəyirlər. Halbuki bu şəhər istər keçmiş tarixi ilə, istər indiki vəziyyəti bir Azərbaycan türk şəhəri olduğunu aydın şəkildə göstərməkdədir.

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR