Urmiya gölü: Güney Azərbaycanın qanayan yarası - ARAŞDIRMA

Urmiya gölü: Güney Azərbaycanın qanayan yarası  - ARAŞDIRMA
# 27 iyul 2023 11:54 (UTC +04:00)

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin Urmiya gölünün qurumasına həsr edilmiş məqaləsini təqdim edir.

Birinci yazı – XOY

İkinci yazı – Urmiya

Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri

Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları

Beşinci yazı – Ərdəbil

Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü

Yeddinci yazı - Marağa

Səkkizinci yazı - Təbrizdə Amerika bayrağına sarılaraq, oda atılan Azərbaycan sazı

Doqquzuncu yazı - Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer

Onuncu yazı - Güney Azərbaycandakı görkəmli tarixi məkanlardan biri - ŞƏHƏRYERİ

On birinci yazı - Əhər: Azərbaycan mədəniyyətinin qorunduğu şəhər

Urmiya (Urmu) gölü İranın indiki sərhədlərinin şimal-qərbində, Qərbi və Şərqi Azərbaycan əyalətləri arasında yerləşir və özünəməxsus ekoloji xüsusiyyətlərinə görə 1967-ci ildə “mühafizə zonası” kimi, 1970-ci ildə “Milli Park”, 1976-cı ildə isə UNESCO tərəfindən “Biosfer qoruğu” kimi qeydə alınıb.

(Ağ duzdan köynək geymiş Osman yumruğu qayası. 20 il əvvələ qədər bu qayanın ucu istisna olmaqla, qalan hissələri su altında idi. Hazırda qayanın dibi də duza bürünüb və çevrəsində şəkildə göründüyü sulardan heç bir iz qalmayıb)

Bu su hövzəsi qurutma prosesindən əvvəl təxminən 6100 kvadrat kilometr sahəsi ilə İranın indiki sərhədlərinin içində ən böyük daxili göl və dünyanın ikinci ən böyük şor sulu gölü kimi tanınırdı. Lakin 90-cı illərin ortalarına qədər ən böyük problem suyunun kənd təsərrüfatı sahələrinə doğru yönləndirilməsi olan bu göl 10 il ərzində duz səhrasına çevrildi. Suyun azalması və Urmiya gölünün quruması prosesinin başlanğıcı haqqında ilk dəlillər 90-cı illərin sonlarında müşahidə edilib. Bununla bağlı ilk xəbərdarlıqları elə həmin dövrdə Urmiya Universitetinin professor-müəllim heyətinin üzvü Naser Aq kimi tədqiqatçılar və ekspertlər verib. 2001-ci ilin sentyabrında o günlərdə Güney Azərbaycanın ən populyar qəzeti olan “Nəvid-i Azərbaycan” qəzeti növbəti 15 ildə Urmiya gölünün quruması təhlükəsini böyük manşetlə gündəmə gətirdi.

(Urmiya gölü yaxın 15 ildə quruyacaq. “Nəvid-i Azərbaycan” qəzeti, 2001-ci ilin sentyabr ayı)

Əslində Urmiya gölünün quruması ilə bağlı insanların tələb və etirazları o günlərdən başlayıb. O günlərdə Güney Azərbaycanın bir çox əhalisi Urmiya gölünün qurumasının ekoloji problemlərdən və su ehtiyatlarının düzgün idarə edilməməsindən qaynaqlandığını düşünürdü və hesab edirdi ki, etiraz və çağırışlarla hökuməti başa salıb, bu səhv yoldan döndərə bilər. Lakin İran İslam Respublikası rəsmiləri nəinki ekspertlərin xəbərdarlıqlarına məhəl qoymadı, hətta bu fəalların üzərinə cinayətkar adı qoydu. Azərbaycanın ekoloqlarının və mədəni fəallarının etiraz və toplantılarını sərt şəkildə yatırtdılar. Başqa yandan da Haşimi Rəfsəncaninin prezidentliyi dövründə başlayan yeraltı və axar suların hesabsız istismarı siyasəti davam etdirildi.

(Duza batmış bir gəmi; 15 il bundan qabaq, bu gəmi Təbrizdən Urmiyə şəhrinə gedən sərnişinləri daşıyırdı)

Urmiya gölünün kritik vəziyyəti və İran İslam Respublikası hakimiyyətinin tədqiqatçıların və beynəlxalq təşkilatların xəbərdarlıqlarına məhəl qoymamasının nəticəsində, Güney Azərbaycanın universitet professorları və ətraf mühit fəalları 2000-ci illərin sonlarında “Urmiya gölünü xilas et” kampaniyasını təsis ediblər. Bu genişmiqyaslı kampaniya demək olar ki, sonralar İran tarixində ən əhatəli ekoloji kampaniyaya çevrildi. Buna baxmayaraq, əvvəldən Urmiya gölü ilə bağlı hadisələrin içində olan və xəbərləri izləməklə yanaşı, adıçəkilən kampaniyalarda az-çox fəal olan bir şəxs kimi hesab edirəm ki, Urmiya gölü ilə bağlı konkret rəhbərlik komandası altında və müəyyən siyasətlə çalışan unikal kampaniyadan söz aparmaq mümkün deyil. Əslində, son 15 ildə müxtəlif insanlar tərəfindən çoxlu kampaniyalar aparılıb. Məsələn, indiyədək yalnız Urmiya gölünün bərpası üçün imza toplanması ilə bağlı bir neçə kampaniya həyata keçirilib.

Qeyd edək ki, Urmiya gölünün xilası kampaniyalarının ən mühüm məqsədlərindən biri də ictimai rəyin diqqətini cəlb etməyə çalışmaq və bu gölün quruması barədə ictimaiyyəti məlumatlandırmaq olub. Növbəti addım xalqın imkanlarından istifadə etməyə çalışmaq və hökuməti Urmiya gölü hövzəsinin su ehtiyatlarının idarə edilməsi siyasətini dəyişməyə məcbur etmək üçün parlamentarilərə təzyiq göstərmək idi.

İctimai rəyin diqqətini cəlb etmək və hökumətin Urmiya gölü məsələsinə əhəmiyyət verməməsinə etiraz etmək məqsədilə ilk ictimai aksiyada 2010-cu ilin aprel ayının ikinci günündə bir qrup güney azərbaycanlı fəal xalqı Təbiət Günü mərasimini Urmiya gölünün ara körpüsünün üstündə keçirməyə və “İran hökumətinin Urmiya gölünün qurudulması siyasətinə etiraz etməyə” dəvət etdilər. Qeyd etmək lazımdır ki, İranda və Güney Azərbaycanda aprel ayının ikinci günü, Novruz bayramından sonra yeni hicri ilin 13-ü günü, Təbiət Günü olaraq qeyd olunur və həmin gündə insanlar təbiətə çıxıb şənliklər keçirirlər.

(Urmiya gölünün ara körpüsü; Elmi əsassız tikilən bu körpü Urmiya gölünün qurumasının səbəblərindən biridir. Ayrıca suyun azalması səbəbi ilə gölün rəngi də qırmızıya dönüb)

Lakin vəd olunan gündə həmişə olduğu kimi xalqın qarşısına hakimiyyətin repressiya aparatı çıxdı. Həmin tarixdə dərc edilən xəbərlərə görə, təhlükəsizlik agentləri ara körpüyə gedən yolların 50 km radiusunda nəzarət-buraxılış məntəqələri yaradaraq Urmiya gölünə doğru nəqliyyat vasitələrinin hərəkətinin qarşısını alıblar. Xəbər mənbələri Urmiya gölü ətrafında və bu gölə gedən yollarda yüzdən çox güney azərbaycanlının həbs edildiyini və bu insanların bir çoxunun həmin tarixdə azərbaycanlı mülki və tələbə fəallarının tanınmış simaları olduğunu bildirdilər. Bütün maneələrə və əsassız həbslərə baxmayaraq, bir neçə min azərbaycanlı Urmiya gölünün ara körpüsünün ətrafına çata bildi və əllərindəki su qablarını gölə boşaldaraq İran hökumətinin Urmiya gölünün qurudulması siyasətinə simvolik olaraq etirazlarını bildirdilər. Amma hökumətin repressiya aparatının bu dinc və hətta simvolik etiraz hərəkatına cavabı çox şiddətli oldu. Təbiət Günü mərasimini keçirmək və Urmiya gölünə dəstək olmaq üçün ara körpünün kənarına gələn ailələrə gözyaşardıcı qaz ataraq hücum edən agentlər onları döyərək sözügedən körpünün üstünə çıxmalarına mane oldular.

Hökumətin repressiya aparatının ağır və zorakı reaksiyası Urmiya gölü ilə bağlı sahədə ikinci etiraz hərəkatının formalaşmasını bir il yarım gecikdirdi. Amma bu il yarım ərzində Azərbaycanın siyasi, hətta mədəni fəalları və ekoloqları sakit oturmadı. İctimai maarifləndirməni artırmaq və fəal insanları bu kampaniyaya cəlb etmək üçün virtual məkanın imkanlarından istifadə etməklə yanaşı, yerli məmurlardan və millət vəkillərindən bu məsələyə qoşulmağı və məsələni dövlət qurumları vasitəsilə həll etməyi istədilər. Bu lobbiçiliyin davam etməsi və xüsusən də İran parlamentərlərinə qarşı təzyiqlər işi o yerə gətirib çıxardı ki, 2011-ci ilin avqustunda parlamentin 66 deputatı “Urmiya gölünün xilası üçün iki təcilli plan” təqdim etdi və bu gölün qurumaq böhranını həll etmək üçün təcili tədbirlər görülməsini tələb etdi.

https://4.bp.blogspot.com/-J0lSVAAEHXc/TmKjjgLZPII/AAAAAAAAFK4/eylviJHoDmc/s1600/tazahorat-orumiye-1.jpg

(Urmiya şəhri: İran polisi Urmiya gölü üçün etiraz edənlərə atəş açır)

https://2.bp.blogspot.com/-Yk1UPz6zMBo/TmKjfvpL0FI/AAAAAAAAFKw/VjoxK7mse4A/s1600/tazahorat-orumiye.jpg

Urmiya gölünün xilas edilməsi planının təcili rədd edilməsi xəbərinin dərci xalqın və ətraf mühitin fəallarının qəzəb və narazılığına səbəb oldu. Güney Azərbaycan Milli Hərəkatının fəalları parlamentin hərəkətinə və hökumətin Urmiya gölünün ağır durumuna diqqət yetirməməsinə cavab olaraq 27 avqust 2011-ci ildə xalqı meydan etirazlarına dəvət etdilər. Həmin gün Urmiya və Təbriz şəhərləri geniş meydan etirazlarının şahidi oldu və hər zaman olduğu kimi, xalqın və Güney Azərbaycan Milli Hərəkatının fəallarının dinc toplantıları təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə zorakılığa çevrildi və onlarla vətəndaş saxlanıldı, yaralananlar oldu. Bu etirazlarda xalqın şüarları əsasən Azərbaycan türkcəsində səsləndirildi: “Urmu gölü can verir/Məclis onun qətlinə fərman verir”, “Urmu gölü susuzdu/Azərbaycan oyanmasa uduzdu”.

(Təbriz: Urmiya gölü üçün etiraz)

Güney azərbaycanlı türklərin meydan etirazları Urmiya gölünün qurumasına ictimai rəyin həssaslığını və hakimiyyətə təzyiqləri artırdı. Lakin İran hökumətinin xalqın qəzəbini yatırmaq üçün verdiyi çoxsaylı vədlərə baxmayaraq, Urmiya gölü böhranının həlli üçün praktiki olaraq heç bir təsirli tədbir görməyib.

Azərbaycanın siyasi və mədəni fəalları dəfələrlə meydan etiraz aksiyaları təşkil etməyə çalışıblar və bu sahədə çağırışlar dərc ediblər, baxmayaraq ki, bəzi hallarda İran hökuməti güclü təhlükəsizlik mühiti yaratmaqla və polis tətbiq etməklə ictimai toplantıların yaranmasının qarşısını ala bilib, lakin bəzi hallarda insanlar polislərin və məmurların ağır basqısını pozaraq Azərbaycanın bəzi şəhərlərində etiraz aksiyaları təşkil edə biliblər.

10 iyun 2014-cü il çərşənbə axşamı Təbrizdə etiraz aksiyası keçirildi və bu etiraz aksiyası həmişə olduğu kimi təhlükəsizlik və polis qüvvələri tərəfindən şiddətli repressiyalarla qarşılandı və sözügedən aksiyanın bir sıra iştirakçıları həbs olundu. Eyni gündə, Urmiya şəhərində güclü təhlükəsizlik mühiti yarandığı üçün və təhlükəsizlik qüvvələrinin əvvəlcədən müəyyən edilmiş yerdə çox sayda toplanması səbəbindən böyük bir etiraz yaratmaq mümkün olmadı, amma 10 nəfərdən çox azərbaycanlı fəal saxlanıldı.

Bununla bağlı sonuncu etiraz toplantısı 2022-ci il iyulun 16-da baş tutdu və bu aksiya zamanı yüzlərlə güney azərbaycanlı Urmiya şəhərində Urmiya gölünün qurumasına və ölkə rəhbərliyinin bu fəlakətin qarşısının alınmasına diqqət yetirməməsinə etiraz etdilər. Bu etirazlarda da Azərbaycanın şəhərlərində güclü təhlükəsizlik mühiti yaranması və polislə təhlükəsizlik qüvvələrinin geniş olması səbəbindən digər şəhərlərdə ictimai toplantılar təşkil etmək mümkün olmadı. Lakin Urmiya, Təbriz, Nəqdə (Sulduz) və Miyandoab (Qoşacay) şəhərlərində onlarla insan həbs edildi.

Qeyd edək ki, İran hökumətinin Urmiya gölü ilə bağlı fəaliyyətinə etiraz etmək üçün Güney Azərbaycan şəhərlərində dinc toplantılar təşkil etməyin praktiki olaraq mümkün olmadığı bir şəraitdə Azərbaycan Milli Hərəkatının bəzi fəalları öz tələb və etirazlarını bildirmək üçün stadionların tribunalarından istifadə etmək qərarına gəliblər. Bu çərçivədə Azərbaycanın şəhərlərində keçirilən demək olar ki, bütün idman yarışlarında, xüsusən də “Tiraxtur” futbol komandasının oyunlarında Urmiya gölünün dirçəldilməsinin zəruriliyi barədə şüarlar səsləndirilib, hökumət və parlamentin qəbuledilməz siyasəti tənqid edilib.

(Duz çölünə çevrilmiş Urmiya gölü; Sərnişinlərin gəmilərə mindiyi köhnə limanın görünüşü)

Göründüyü kimi, Güney Azərbaycan türkləri heç vaxt Urmiya gölü faciəsinə biganə qalmayıb. Bu illər ərzində dəfələrlə şəhərlərin meydanlarına toplaşaraq öz etirazlarını dünyaya çatdırıblar. Uzun illər ərzində bu etirazlarda iştirak etdiklərinə görə yüzlərlə insan həbs edilib və işgəncələrə məruz qalıb. Doğrudur, bu etirazların yekun nəticəsi, yəni Urmiya gölünün bərpası indiyədək əldə olunmayıb və İran hökuməti bu gölü tamamilə qurutmaq əzmindədir. Lakin yuxarıda qeyd olunan etirazlar və Güney Azərbaycan Milli Hərəkatı fəallarının fəaliyyəti nəticəsiz qalmayıb. Əvvəla, Urmiya gölü məsələsi artıq az saylı ziyalı qrup və Azərbaycan milli hərəkatının fəalları ilə məhdudlaşmır, demək olar ki, Güney Azərbaycan xalqının əksəriyyəti, hətta bölgə və dünya jurnalistləri və ətraf mühit fəalları da bu fəlakətdən xəbərdardır və bu məsələyə münasibət bildirirlər. İkincisi, indi Güney Azərbaycanın bir çox əhalisi bilir ki, İran hökuməti bilərəkdən və siyasi məqsədlərlə Urmiya gölünü qurudub və məqsədi Güney Azərbaycandan olan milyonlarla türkü öz torpaqlarını tərk etməyə məcbur qoymaqdır.

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR