Bank Of Baku

Vəkili məhkəmədə İlhamə Quliyevanın oğlunun ifadələri arasında ziddiyyət olduğunu bildirib

Vəkili məhkəmədə İlhamə Quliyevanın oğlunun ifadələri arasında ziddiyyət olduğunu bildirib
# 05 noyabr 2008 10:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov -APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov, Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldırıb. O. Nadirovun vəkili Seyfəddin Əliyev müdafiə etdiyi şəxsin istintaqda alınan ifadələrində ziddiyyətin olduğunu bildirib. Vəkil müdafiə etdiyi şəxsin lent yazısındakı ifadələri ilə şifahi ifadələrinin arasında fərqin olduğunu hakimin diqqətinə çatdırıb. Digər təqsirləndirilən şəxs Kəmalə Eyvazovanın vəkili isə müdafiə etdiyi şəxsin 4 uşaq anası və xəstə olmasını nəzərə alaraq məhkəmədən onun cinayət işinə xitam verilməsini xahiş edib. Yalçın Həsənovun vəkili Əsgər Heydərov isə vəsatətində müdafiə etdiyi şəxsin istintaq işi üzrə narkotik vasitələrin tərkibinin müəyyənləşdirilməsi istiqamətində ekspertiza rəyinin düzgün olmadığını iddia edib. Prosesdə çıxış edən dövlət ittihamçısı Nəriman Ələkbərov məhkəmədən qaldırılmış vəsatətlərin təmin olunmamasını istəyib. Məhkəmə qaldırılmış vəsatətlərə baxmaq üçün müşavirəyə yollanıb. Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR