Bank Of Baku

Dəvəçinin polis rəisinin müavini adam oğurluğunda ittiham olunub

Dəvəçinin polis rəisinin müavini adam oğurluğunda ittiham olunub
# 05 dekabr 2008 12:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarının və onları qətlə yetirməkdə təqsirli bilinərək həbs edilmiş rayonun Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının valideynləri mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, tədbirdə Nailə və Reyhanə Məcidova bacılarının valideynləri Zamir Məcidov və Nəzakət Məcidova, onları qətlə yetirməkdə təqsirli bilinərək həbs edilmiş Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının anası Rəfiqə İsmayılova və itkin düşmüş Dəvəçi rayon sakini Diləfruz Daşdıyevanın anası Hürü Daşdıyeva iştirak edib. Tədbirdə çıxış edən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus təqsirləndirilən və zərərçəkən tərəflərin nümayəndələrinin bir mövqedən çıxış etdiklərini vurğulayıb. O, sözügedən cinayət işi üzrə məhkəmənin gərəzli aparıldığını və cinayət işində bilavasitə əli olan Dəvəçi rayon Polis Şöbəsinin rəis müavini Məmmədmusa Hüseynovun prosesə gətirilməməsinə etirazını bildirib.
Rəfiqə İsmayılova övladlarının günahsız olduğunu deyib. Oğlanlarının istintaqa və məhkəmə prosesi zamanı verdiyi ifadələrini əsas gətirən R. İsmayılova onların Məcidova bacılarını M. Hüseynovun sifarişi ilə oğurladıqlarını və sonradan uşaqları onun özünə təhvil verdiklərini bildirib. O, həmçinin övladlarının istintaq zamanı olmazın işgəncələrə məruz qaldığını və bu səbəbdən də onların cinayət işini boyunlarına aldığını söyləyib.
H. Daşdıyeva isə qızı Diləfruzun 2005-ci ildən yoxa çıxdığını və bu barədə Dəvəçi rayon Polis Şöbəsinə həmin il ərizə ilə müraciət etdiyini bildirib: “Qızım itkin düşən gündən 2007-ci ilədək rəis müavini Məmmədmusa Hüseynov mənə deyirdi ki, narahat olma qızın sağ-salamatdır, biz araşdırmışıq o, Çiçi kəndinə ərə gedib”.
Qızını Çiçi kəndində axtardığını deyən qadın onun nə dirisini, nə də ölüsünü tapdığını söyləyib: “Sonra isə mənə onun öldürüldüyünü və meyitinin tapıldığını dedilər. Tapılmış meyit mənim qızıma məxsus deyil”.
Zamir Məcidov da övladlarının ölüm işinin istintaqının düzgün aparılmadığını söyləyib. Qızlarının “DNK” analizinin çıxarılması üçün onlardan heç bir nümanənin götürülmədiyini söyləyən Z. Məmmədov tapılmış cəsədlərin qızlarına aid olmadığını bildirib. Bundan başqa o, son vaxtlar telefon vasitəsi ilə hədə-qorxuya məruz qaldığını açıqlayıb və bu işdə hüquq-mühafizə orqanlarından kömək istəyib: “Mən xahiş edirəm ki, bizim ailəmizin təhlükəsizliyini təmin etsinlər”. Z. Məcidov həmçinin tədbirdə ölkə başçısı İlham Əliyevə müraciət edərək qızlarının qətli ilə bağlı cinayət işinin Respublika Baş Prokurorluğundan geri alınaraq Milli Təhlükəsizlik Nazirliyinə icraatına verilməsini xahiş edib.
Qeyd edək ki, Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri, 15 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidova bacıları ötən il avqustun 6-da itkin düşüblər. Avqustun 9-da Nailənin meyiti Samur-Abşeron kanalından tapılsa da, Reyhanənin meyitinin axtarışı nəticəsiz qalıb. Məcidova bacılarının qətlində şübhəli bilinən Dəvəçi rayonunun Qələqah kənd sakini Təvəkkül İsmayılov və onun iki qardaşı həbs edilib.

Onu da xatırladaq ki, dünən işin sabiq müstəntiqi, hazırda Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin rəisi Zakir Saatov APA-ya zərərçəkənlərin və hüquq-müdafiəçisi Leyla Yunusun bu işlə bağlı iddialarını rədd edən açıqlama verib. O bildirib ki, T. İsmayılovun həbsindən bir ay 20 gün sonra Məcidova bacılarını və Diləfruz Daşdıyevanı Dəvəçi rayon polis rəisinin müavini Məmmədmusa Hüseynovun sifarişi ilə oğurlayıb ona təhvil verməsinə dair ifadə verib: “Lakin həmin faktlar istintaq zamanı təsdiqini tapmayıb. Müəyyən edilib ki, bu ifadəni Təvəkkül İsmayılov törətdikləri xüsusilə ağır cinayətlərə görə ala biləcəkləri cəzanı yüngülləşdirmək məqsədi ilə verib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR