Bank Of Baku

Altmışa yaxın şəxsin adına bankdan kredit götürmüş Sabunçu sakini Azərbaycanı tərk edib

Altmışa yaxın şəxsin adına bankdan kredit götürmüş Sabunçu sakini Azərbaycanı tərk edib
# 05 dekabr 2008 12:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Altmış nəfərə yaxın ayrı-ayrı vətəndaşdan ümumilikdə 200 min manatdan artıq pul almış Sabunçu rayon sakini Rəhilə Həsənzadə Azərbaycanı tərk edib. APA-nın məlumatına görə, bu barədə həmin şəxslər və onların vəkili Sima Yaqubova bu gün keçirdikləri mətbuat konfransında məlumat veriblər. S. Yaqubovanın sözlərinə görə, R. Həsənzadə əvvəllər müəllimə işləyib. Sonradan o biznes quracağını bildirib və yaxın adamları, keçmiş qonşuları, tanış və qohumlarının adına “Azərdəmiryolbank”ın Sabunçu filialından külli miqdarda pul krediti götürüb: “Onun bu pulu götürməsi təxminən bir il davam edib. İlk aylarda bankın kreditlərini qaytarıb. Amma bu ilin sentyabrından Azərbaycanı tərk edib”. S. Yaqubovanın sözlərinə görə, R. Həsənzadə həmin 60 nəfərin etimadından sui-istifadə edərək onların pulunu mənimsəyib. Həmin şəxslər isə hazırda bankdan götürüb R. Həsənzadəyə verdikləri krediti qaytarmaq məcburiyyətində qalıblar: “Bank həmin şəxslərə bildiriş göndərərək kreditin qaytarılmasını tələb edir. Bu məsələ ilə bağlı 26 nəfər Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdi. Amma heç bir ciddi tədqiqat aparmadan araşdırmanı dayandırıldı. Səbəbini isə bizə izah etmədilər”.

S. Yaqubova bu məsələdə “Azərdəmiryolbank”ın Sabunçu filialını da günahlandırıb. Onun sözlərinə görə, həmin filialın rəhbəri R. Həsənzadənin keçmiş şagirdi olub: “Rahilə Həsənzadə kreditin özünə lazım olduğunu bildirib və buna görə də bank heç bir yoxlama aparmadan, bu vətəndaşların krediti qaytarmaq imkanının olub-olmamasını müəyyənləşdirmədən həmin şəxslərin adına 5 mindən 10 min manata qədər kredit ayırıb”. S. Yaqubova hazırda R. Həsənzadənin harada olduğunu dəqiq bilinmədiyini qeyd edib: “Amma eşitdiklərimizə görə, o həmin pullarla qızı üçün Türkiyədə ev alıb”.

“Azərdəmiryolbank”ın İdarə Heyətinin sədrinin birinci müavini Mərdan Şıxəliyev bankın ünvanına səslənən ittihamlarla cavab verib. Keçirdiyi mətbuat konfransında M. Şıxəliyev bildirib ki, həmin 60 nəfərin əksəriyyəti kredit götürərkən girov olaraq banka qızıl qoyublar. O, hazırda həmin qızılların müqaviləyə uyğun olaraq satıldığını və borcun bağlandığını bildirib: “26 nəfərlə bağlı isə bizə təkliflər daxil olub. Onlar kreditin ödənilməsinin müddətinin bir qədər uzadılmasını istəyirlər. Biz buna şərait yaradacağıq. Amma həmin pulların hamısı geri alınacaq”. M. Şıxəliyev onu da qeyd edib ki, onlar kredit alan şəxslərlə bağlı məhkəməyə müraciət edəcəklər: “Onlar kredit müqaviləsində bu puldan hansı məqsədlər üçün istifadə edəcəklərini göstəriblər. Kreditdən məqsədyönlü istifadə etmədikləri üçün biz məhkəməyə müraciət ünvanlamışıq”. Sədr müavini bankın R. Həsənzadədən pul tələb etmək hüququnun olmadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR