Bank Of Baku

Bakıda yaşayış binasında baş vermiş partlayış zamanı xəsarət alanların vəziyyəti stabilləşib

Bakıda yaşayış binasında baş vermiş partlayış zamanı xəsarət alanların vəziyyəti stabilləşib
# 16 dekabr 2008 10:19 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının Nizami rayonunda yerləşən yaşayış binasında baş vermiş partlayış zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyətləri stabilləşib. Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsindən APA-ya verilən məlumata görə, xəstəxanada müalicə olunan Oksana Mahmudova və Şirxan Kərimovun vəziyyətləri normaldır. Hazırda onların müalicəsi davam etdirilir.

Əfəndiyev adına Bakı şəhər 2 saylı Xəstəxanada müalicə olunan iki yaşlı Aylin Əlirzayevanın səhhəti isə artıq yaxşılaşıb. Xəstəxanadan APA-ya bildirilib ki, artıq o, evə buraxıla bilər. Lakin iki yaşlı Aylin hadisə zamanı anasını itirdiyi üçün hazırda hüquq-mühafizə orqanları onun kimin himayəsinə verilməsi barədə araşdırma aparır. Xatırladaq ki, Aylinin anası Tamella Əlirzayeva hadisə zamanı həlak olub. Onun xeyli əvvəl həyat yoldaşından ayrıldığı bildirilir.

Bakı şəhər 5 saylı Xəstəxanadan isə APA-ya bildirilib ki, orada müalicə olunan 69 yaşlı Nurəstə Qurbanovanın səhhətində irəliləyiş yoxdur. Hazırda N. Qurbanovanın vəziyyəti orta ağırdır.

Baş vermiş partlayış zamanı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən 1962-ci il təvəllüdlü Ağamir Kərimov və 1965-ci il təvəllüdlü Afət Mürsəlova isə artıq evə buraxılıblar.

Qeyd edək ki, dekabrın 13-də Nizami rayonu, Naxçıvanski küçəsi, 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışın baş verməsinə ilkin versiya kimi binanın 27-ci mənzilində təmir işlərinin aparıldığı zamanı qaz sızmasının səbəb olduğu bildirilir. Baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR