Bank Of Baku

Qobustan həbsxanasının keçmiş rəisi və onun müavini radikal dini qruplaşma üzvlərinin məhkəməsində ifadə verəcəklər

Qobustan həbsxanasının keçmiş rəisi və onun müavini radikal dini qruplaşma üzvlərinin məhkəməsində ifadə verəcəklər
# 27 yanvar 2009 10:33 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə Avropa Şurasının Azərbaycandakı ofisinin nümayəndəsi də iştirak edib. İttiham tərəfi ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərini dindirilməsini özündə əks etdirən CD-ni məhkəməyə təqdim edib.
Hakim İslam Neymanov deyib ki, prosesə şahid qismində çağrılan təqsirləndirilən Edqar Əliyevin babası Hacı Murad Osmanov qanunvericiliyə uyğun olaraq ifadə verməkdən azad olunub.
Prosesdə şahid qismində ifadə vermək üçün dəvət olunan Kamran Əsədovun atası Şakir Əsədov öncə ifadə vermək istədiyini deyib. K. Əsədov isə onun istəyinə etiraz edərək deyib ki, verdiyi ifadə onun əleyhinə yönələ bilər. Bundan sonra Ş. Əsədov şahid kimi ifadə verməkdən imtina edib. Məhkəmə bunu onun müstəsna hüququ olduğunu əsas gətirərək Ş. Əsədovu ifadə verməkdən azad edib.
Daha sonra prosesdə təqsirləndirilən Kamran Babayevin kirayədə qaldığı evin sahibi İlham Həsənov və Penitensiar Xidmətin Qobustandakı həbsxanasının mühafizə şöbəsinin rəisi Rövşən Niyazov şahid kimi dindirilib. R. Niyazov təqsirləndirilən İlkin İsmayılovu tanıdığını, K. Əsədovun onunla görüşmədiyini deyib: “Mən həmin vəzifəyə yeni təyin olunmuşdum. Anar Nurlu adlı məhbusun yanına özünü onun xalası oğlu kimi təqdim edən şəxs gəlmişdi. Sonradan mənə məlum oldu ki, bu Kamran Əsədov olub”.
Şahid onu da deyib ki, o, bu vəzifəyə təyin olunandan sonra həbsxanada saxlanılan məhkumlardan 100-ə yaxın mobil telefon tapılıb.
Hakim isə deyib ki, İ. İsmayılovun məhz həmin telefonların biri ilə Kamran Əsədovla danışdığı istintaqda məlum olub.
Məhkəmə məsələ ilə bağlı həmin dövrdə Qobustan həbsxanasının rəisi işləmiş Əlizadə Hüseynovun, onun müavini Şahkişi Bağırovun prosesə şahid qismində dəvət olunmasını qərara alıb.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR