Bank Of Baku

Elçin Behbudov və daha bir neçə nəfərin maşınından külli miqdarda pul oğurlamış mütəşəkkil dəstənin üzvləri həbs olunub

Elçin Behbudov və daha bir neçə nəfərin maşınından külli miqdarda pul oğurlamış mütəşəkkil dəstənin üzvləri həbs olunub
# 29 yanvar 2009 07:30 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, mütəşəkkil dəstənin hədəfinə tuş gələnlər arasında bəzi tanınmış şəxslər, p cümlədən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da var. Məlumatda bildirilir ki, BŞBPİ Cinayət Axtarış İdarəsinin (CAİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın müxtəlif rayonlarında avtomobillərdən külli miqdarda pul oğurluğu cinayətləri törətmiş mütəşəkkil cinayətkar dəstənin üzvləri artıq həbs edilib.

Həbs edilən şəxslər - Bakı şəhər sakinləri, 1978-ci il təvəllüdlü Məmmədov Ruslan Xosrov oğlu, 1981-ci il təvəllüdlü Mehdiyev Səxavət İsa oğlu, 1974-ci il təvəllüdlü Hüseynov Elgiz Eldar oğlu, 1970-ci il təvəllüdlü Əliyev Zaur Ənvər oğlu və 1968-ci il təvəllüdlü Həsənov Fətəli İdris oğludur.

Keçirilən əməliyyat zamanı təqsirləndirilən şəxslərdən Səxavət Mehdiyev özünə məxsus BMW markalı, 90 EF 557 dövlət nömrə nişanlı avtomobillə BŞBPİ-nin CAİ-nin əməkdaşlarının maşınını əzərək qaçmağa cəhd göstərsə də, buna nail ola bilməyib. Saxlanılan şəxslərin üzərinə baxış keçirilərkən onlardan həmçinin müxtəlif miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar nəticəsində dəstə üzvlərinin müxtəlif tarixlərdə paytaxt ərazisində 12 fakt üzrə oğurluq əməli törətdiyi sübuta yetirilib. Belə ki, mütəşəkkil dəstə üzvləri ötən il yanvarın 29-da H. Əliyev prospekti, ev 98-də yerləşən MKTİK MMC şirkətində xəzinədar işləyən Cəfərov Rəşad Abdulsəməd oğluna məxsus “Mercedes-180” markalı, 10 XO 361 dövlət nömrə nişanlı avtomobildən İ. Dadaşov küçəsində qabaq şüşəni sındırmaq yolu ilə şirkətə məxsus 74 000 manat oğurladıqları məlum olub. Bundan başqa, dəstənin 2008-ci ilin iyununda 7-ci mkr. Xarici Dairəsi küçəsi, 116-da yerləşən meyvə şirələri satışı ilə məşğul olan firmanın qarşısında oranın xəzinədarı Sarıyev Mehman Haqverdi oğluna məxsus “VAZ-2107” markalı, 10 MP 081 dövlət nömrə nişanlı maşından qapını açarla açmaq yolu ilə firmaya məxsus 69 000 ABŞ dolları, ötən ilin aprelində İ. Səfərli küçəsi, 60 saylı evin qarşısında Quliyev Səhman Dursun oğluna məxsus “Mercedes” markalı, 10 MG 304 nömrəli avtomobilin şüşəsini sındırmaq yolu ilə oturacağın altından 58 100 ABŞ dolları, ötən il may ayının 27-də saat 18.50 radələrində İnşaatçılar prospekti, 38-in qarşısında Məmmədli Çingiz Müxrəddin oğluna məxsus “Tucson” markalı, 10 VK 145 dövlət nömrə nişanlı avtomaşından şüşəni sındırmaq yolu ilə 39 000 manat, ötən il iyulun 14-də saat 12.00 radələrində Ə. Hüseynzadə küçəsi, 54-ün qarşısında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Behbudov Elçin Tofiq oğluna məxsus “Tofaş” markalı, 10 SK 111 dövlət nömrə nişanlı avtomobildən, qabaq sol şüşəni sındırmaq yolu ilə oturacağın altından 30 000 manat, ötən il iyulun 22-də S. S. Axundov küçəsi, ev 11/35 ünvanında yerləşən “Palma” kafesinin qarşısında Həşimov Nəriman Ənvər oğluna məxsus, “VAZ-2106” markalı, 10 KT 605 dövlət nömrə nişanlı maşından qapını açmaq yolu ilə 47 450 ABŞ dolları və 3000 manat, ötən il sentyabr ayının 6-da C. Cabbarlı küçəsi 56-da yerləşən “Caspian Plaza”nının qarşısında, M. Hadi küçəsi, ev 63, mənzil 103-də yaşayan, 1980-ci il təvəllüdlü Hüseynov Əliheydər İslam oğluna məxsus “Prado” markalı, 10 SC 333 dövlət nömrə nişanlı avtomaşının şüşəsini sındırmaqla 5000 manat və 4500 ABŞ dolları, 13.09.2008-ci il tarixdə G. Səfərəliyeva küçəsi, 26 saylı evin qarşısında S. Cəfərov küçəsi 7, mənzil 43-də yaşayan, 1982-ci il təvəllüdlü Gülməmmədov Məhəmməd Bayandur oğluna məxsus “Mitsubishi-Pajero” markalı, 14 BC 080 dövlət nömrə nişanlı avtomobilin qapısını açar seçmə yolu ilə açaraq 8140 ABŞ dolları, 22.10.2008-ci il tarixdə, Babək prospekti, 22-də yerləşən “Grand” mebel mağazasının qarşısında, Rəsulzadə küçəsi, ev 35-də yaşayan, 1965-ci il təvəllüdlü Nuriyev Cəbrayıl Əziz oğluna məxsus “Fiat-Albea” markalı, 10 KO 581 dövlət nömrə nişanlı avtomaşından sağ yan şüşəsini sındırmaqla, 46 min ABŞ dolları, 17.11.2008-ci il tarixdə saat 12.35 radələrində Z. Bünyadov prospektində yerləşən “Caspian Petrol” yanacaqdoldurma məntəqəsinin həyətində vətəndaş Kəlbiyev Mehrab Feruz oğluna məxsus “Toyota Prado” markalı, 10 ZO 330 nömrəli avtomobildən 250 min rus rublu və 30 min ABŞ dolları, 05.12.2008-ci il tarixdə “Sulu təpə” qəsəbəsində Mirzəyev Ceyhun Əmraslan oğluna məxsus “Mitsubishi Pajero” markalı, 10 ZL 633 nömrə nişanlı avtomaşından şüşəni sındırmaqla, 7000 manat məbləğində telefon danışıq kartları və 1500 manat məbləğində müxtəlif valyuta və nəhayət, 15.12.2008-ci il tarixdə Etibar Qocayev küçəsi, 43 saylı evin qarşısında vətəndaş Səmədov Saleh Mehralı oğluna məxsus “BMW-X5” markalı, 90 DD 303 dövlət nömrə nişanlı avtomobildən şüşəni sındırmaqla 40 000 manat və 15 000 ABŞ dolları oğurladığı tam sübuta yetirilib.

Hazırda BŞBPİ-nin əməkdaşları mütəşəkkil dəstə üzvlərinin törətdiyi digər cinayətlərin açılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR