Bank Of Baku

Allahşükür Paşazadə mətbuatda barəsində yazılan yazılara münasibət bildirib

Allahşükür Paşazadə mətbuatda barəsində yazılan yazılara münasibət bildirib
# 29 yanvar 2009 11:01 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Əslində haqqımda bu cür yazıların yazılacağını gözləyirdim. Bu adamlar qoyun dərisi altında gizlənib, törətdikləri əməllərdən heç kimin xəbər tutmayacağını düşünürlər. Ancaq onların dərisi soyulacaq və üzləri açılacaq. Bütün bu cəhdlər Azərbaycanda dinin köklərini sarsıtmaq, dövlətlə-din arasında qarşıdurma yaratmaq, mövcud tolerantlığa zərbə vurmaq məqsədi daşıyır”. Bu sözləri APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə son günlər bəzi mətbuat orqanlarında haqqında dərc olunan yazılara cavab olaraq deyib. Şeyx bu cür yazıların müəlliflərinin mətbuatdan təmizlənməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, əlində qələm tutanlar xalqını və həqiqəti sevən şəxslər olmalıdır: “Mən hələ bir müddət əvvəl demişəm ki, bu tip yazı yazanlar ermənilərə xidmət edirlər. Hamını bu sıraya qatmıram. Fəqət, heç bir həqiqətə uyğun olmayan informasiyanı yaymaqla düşmən dəyirmanına su tökənlərə nə ad vermək olar? Belə şeyləri qiymətləndirmək jurnalistlərin öz insaflarına qalıb”.

A. Paşazadə ünvanına səslənən ittihamlarda Nardaran kəndinin və nardaranlıların da adının hallandırılmasını düzgün hesab etməyib: “Bu məsələdə Nardaran kəndinin və nardaranlıların heç bir rolu ola bilməz. Mən həmişə demişəm ki, nardaranlılar yaxşı insandırlar, onların arasında həqiqi ağsaqqallar var. Bu adamların hamısına qara yaxmaq olmaz. Bütün cəmiyyətlərdə olduğu kimi, nardaranlıların arasında da beş-üç nəfər mənfi tipli insan ola bilər”.

QMİ sədri haqqında yazılan ittihamlarla bağlı məhkəməyə müraciət etdiyini, məsələnin sona kimi hüquqi müstəvidə həllinə tərəfdar olduğunu deyib: “Mənə qarşı başlanmış kampaniyanın arxasında hansı dairənin dayandığı məhkəmədə müəyyənləşəcək. Mən onlar deyiləm ki, əlimdə heç bir sübut olmadan kiminsə adını çəkim. Kimdənsə şübhələnməyin özü də şəriətdə düzgün sayılmır. İnsanın əlində həqiqəti göstərən sübutlar olmalıdır. İnanıram ki, bu işdə təhrikçilərin kimliyi bəlli olacaq”.

Qeyd edək ki, “Gündəlik Bakı” qəzetində dərc olunan silsilə məqalələrdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin yaxın qohumları ilə birlikdə geniş biznes fəaliyyətiylə, habelə narkobizneslə məşğul olduğu, qanunazidd əməllər törədən qohumlarını himayə etdiyi bildirilir.

A. Paşazadə haqqında yazılanlarla bağlı məhkəməyə müraciət edib. Məhkəmə iş üzrə proses başa çatanadək “Gündəlik Bakı” qəzetinin Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri haqqında yazmasını qadağan edib.
İş üzrə növbəti proses fevralın 10-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR