Bank Of Baku

Azərbaycanın Daxili İşlər və Mili Təhlükəsizlik nazirlikləri anonim telefon zəngləri ilə bağlı birgə məlumat yayıb

Azərbaycanın Daxili İşlər və Mili Təhlükəsizlik nazirlikləri anonim telefon zəngləri ilə bağlı birgə məlumat yayıb
# 02 fevral 2009 13:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər və Mili Təhlükəsizlik nazirliklərinin mətbuat xidmətlərinin birgə açıqlamasında qeyd olunub. DİN-in mətbuat xidmətindən APA-ya verilən açıqlamada qeyd olunub ki, əvvəllər də qeydə alınmış bütün analoji faktlar üzrə respublikanın Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə anonim zənglərin müəllifləri qısa müddətdə müəyyən edilərək barələrində məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə növündə ciddi cəzalar tətbiq olunub. Bütün bunlar haqda, əhali kütləvi informasiya vasitələri ilə məqsədyönlü şəkildə məlumatlandırılsa da, bu ilin yanvar ayında analoji halların daha intensiv xarakter alması xüsusi narahatlıq doğurur: “Belə ki, yanvarın 29-da İncəsənət Gimnaziyasının binasına, həmçinin yanvarın 30-u və 31-də paytaxtın Nizami rayonundakı «Pivə-Bar» kafesinə və Siyəzən rayonu ərazisindəki «Beşbarmaq» adlanan ziyarətgaha partlayıcılar qoyulması barədə naməlum şəxslər tərəfindən telefonla məlumat verilib. Bu faktlar üzrə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri tərəfindən dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən bina və obyektlərdə heç bir partlayıcı qurğu aşkar edilməyib. Lakin bu yönümdə davam etdirilən zəruri tədbirlərlə anonim zənglərin müəllifləri olan Şərur rayon sakini Hüseyn Həsənov və Bakı şəhər Zabrat qəsəbə sakini Şirxan Həsənov müəyyən edilərək saxlanılıblar.


Hazırda göstərilən faktlar üzrə istintaq araşdırmaları davam etdirilir”.

DİN və MTN bir daha vətəndaşların nəzərinə çatdırıb ki, insanların təşvişinə, narahatlığına, eləcə də dövlət orqanlarının, təşkilatların normal iş və həyat ahənginin pozulmasına səbəb olan belə hərəkətlər qanunvericiliklə başa çatmış cinayət hesab olunur. Bu cür əməllərdə təqsirli şəxslər isə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR