Bank Of Baku

Azərbaycanın millət vəkili Əhəd Əhmədov: “Məni yenə hədələyirlər”

Azərbaycanın millət vəkili Əhəd Əhmədov: “Məni yenə hədələyirlər”
# 12 mart 2008 11:32 (UTC +04:00)
Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Əhəd Əhmədov son aylar mətbuatda ailəsi və özü ilə bağlı yayılan məsələlərə aydınlıq gətirərkən deyib. Millət vəkilinin fikrincə, onu şantaj etməklə, özü və ailəsi barəsində rüsvayedici materiallar yazmaqla hədələyən bir qrup şəxslə bağlı şikayət etdikdən və həmin şəxslər həbs olunandan sonra bəzi media orqanlarında özünə qarşı məqsədli şəkildə baş vermiş olayla bağlı həqiqətləri əks etdirməyən məlumatlar yayılıb: “Bunları mənim şəxsi həyatıma müdaxilə kimi qiymətləndirirəm. Həm də onu qeyd edirəm ki, o yazılarda mənimlə bağlı reallığı əks etdirən bir kəlmə belə yoxdur, yazılanların bir faizi də həqiqətə uyğun deyil. Bütün yazılanlar yanlış və böhtandan ibarətdir. Ortada heç pul söhbəti olmayıb”. Deputat özünə qarşı hədələyici telefon zənglərinin davam etdiyini də deyib: “Mənə zəng edir, yanıma adamlar göndərirlər. Həbs olunanlarla bağlı şikayətimi geri götürməyəcəyim təqdirdə, mənimlə bağlı şantaj xarakterli yazıları davam etdirəcəklərini bildirirlər”. Millət vəkili məhkəməyə müraciət edəcəyini də bildirib: “Bir həftədir ki, yas mərasimində iştirak etmək üçün İmişlidəyəm. Bakıya qayıdan kimi bu şəxslər barəsində məhkəməyə müraciət edəcəyəm. Qoy, bu hərəkətlərinə görə cavab versinlər”. Millət vəkili baş verənlərin seçiciləri arasında böyük narahatlıq yaratdığını da vurğulayıb: “Mənim qayınatam on il əvvəl dünyasını dəyişib. Amma qayınatamın məndən şikayət etdiyini yazırlar. Mən böyük bir rayonun deputatıyam. Seçicilərim mənə qarşı bu qədər şər-böhtana etiraz edirlər”.
Qeyd edək ki, özünü “Azərbaycan Cümhuriyyəti” qəzetinin baş redaktoru kimi təqdim edən qəzetin təsisçisi Nüsrət Rəhimov Azərbaycan Milli Məclisinin deputatı Əhəd Əhmədovdan özü və ailəsi haqqında rüsvayedici faktlar yaymaq hədəsi ilə 3 min dollar tələb edib. N. Rəhimov deputatdan 1500 dollar alarkən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparıldıqdan sonra “Mühakimə” qəzetinin təsisçisi Şəmsi Mirzəyev (Vəfadar), həmçinin millət vəkilinin qaynı oğlu Zahid Muradov, baldızı oğlu Zabil Pənahov və bacanağı Rza Pəhanov da həbs olunub. Qohumlarının həbsi ilə bağlı məlumatı APA-ya Ə. Əhmədovun qaynı Vahid Muradov verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR