Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən yanğın hələ də davam edir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, keçmiş təmas xəttində yerləşən minalanmış ərazidə başlayan yanğın zamanı vaxtaşırı partlayış səsləri eşidilir.
Yanğının təsiri nəticəsində ərazidə qalmış partlamamış döyüş sursatlarının partladığı ehtimal olunur.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Yanğının yaşayış məntəqələrinə və əkinə yararlı sahələrə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
***
19:53
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
18:53
Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.