Bakı-Quba yolunda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ölənlərin hamısının kimliyi müəyyənləşib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, ölənlər “Mercedes-Vito”-nun sürücüsü 1977-ci il təvəllüdlü Yardımlı rayon sakini Qubadbəyli Nəsimi Əlmuxtar oğlu, onun sərnişinləri - Şabran rayonu, Uzunboyad kənd sakini, 1971-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov, 1980-ci il təvəllüdlü Musayev İlqar Tərxan oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu və Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini Quliyev Emin Ramiz oğludur.
“DAF” markalı avtomobilin sürücüsü Qubanın Dağlı kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Atayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
***
11.22
Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda 6 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.
FHN-dən APA-ya verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Siyəzən rayonu ərazisində (Bakı-Quba avtomobil yolunun 85-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 6 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 6 nəfərin meyiti zədələnmiş mikroavtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
11.06
Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
1992-ci il təvəllüdlü olan şəxsin müalicəsinə Təcili tibbi yardım bölməsində davam edilir. Vəziyyəti orta ağırdır.
APA-nın şimal bürosunun xəbərinə görə, xəsarət alan TIR sürücüsü, 1992-ci il təvəllüdlü Elçin Atayevdir.
***
10.34
Bakı-Quba yolunun 98-ci kilometrlitində (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən APA-ya verilən məlumata görə, “Mercedes Vito” markalı avtomobillə TIR toqquşub.
İkin məlumata görə, “Mercedes-Vito”da olan (sürücü daxil olmaqla) 6 nəfər ölüb.
TIR sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Xilasetmə tədbirləri görülür.
APA-nın şimal bürosunun xəbərinə görə, xəsarət alan TIR sürücüsü, 1992-ci il təvəllüdlü Elçin Atayev Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.